Azərbaycan Texasda keçirilmiş beynəlxalq multikultural festivalda təmsil olunub

post-img

ABŞ-ın Texas ştatının Piano şəhərində keçirilən XX Beynəlxalq multikultural festivalda Azərbaycan ikinci dəfə təmsil olunub.

Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən beynəlxalq festivalda Avropa, Asiya və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak ediblər.

Texas ştatında və Dallas şəhərində yaşayan azərbaycanlı icmasının fəalları Dürdanə Balakişiyeva, Züleyxa Əsədova, Ləman Hendriks və digər həmyerlilərimizin təşkil etdiyi Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, turizm potensialını və adət-ənənələrini əks etdirən kitablar, suvenirlər, milli geyimlər, mətbəx nümunələri nümayiş etdirilib. Kitabların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ingilis dilində nəşr olunmuş “Sirlər xəzinəsi” poeması da olub.

Festivalın əyləncəli proqramı çərçivəsində təşkil edilən Beynəlxalq Dəb Şousunda   Azərbaycan əsilli tanınmış rəqqasə Ləman Hendriks, milli balet və rəqslərimizin ifaçısı Vivyen Bennett çıxış ediblər. Onların ifasında “Naz eləmə”, “Qaval”, “Yüz biri” rəqsləri və görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletindən parça təqdim edilib. Festival iştirakçıları və amerikalılar milli rəqslərimizin və geyimlərimizin təqdimatını heyranlıqla izləyiblər.

Anar ƏLİ,

XQ

Mədəniyyət