“Yalnız irəli – 4”

post-img

Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin akt zalında Şuşalı qəhrəman, məktəbin məzunu İsrafil İbrahimova həsr olunmuş "Yalnız irəli-4" sənədli filmi nümayiş olundu. 

Şuşalılar haqqında vizual ensiklopediyanın bir hissəsini əks etdirən “Yalnız irəli - 4” sənədli filmi bu şəhəri görməyən, fəqət, Qarabağ uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igid hərbiçi İsrafil Zülfüqar oğlu İbrahimovun həyat və döyüş yolundan bəhs edir. 44 günlük Vətən müharibəsində qəhrəman hərbiçilərimizin igidlikləri dillər əzbəri olmuşdur. Müharibə qəhrəmanlarından söhbət düşəndə, əsasən, ön cəbhədəki döyüşçülər yada düşür. Bu döyüşlərdə igidlik göstərən, əslən Şuşadan olan peşəkar hərbiçilərin xidmətləri də az deyildir. Həyatını riskə ataraq Vətən müharibəsində iştirak edən, Qarabağ - Cəbrayıl, Qubadlı, Laçın uğrunda qəhrəmanlıqlar göstərmiş belə cəsur hərbiçilərdən biri də Şuşalı şəhid İsrafil Zülfüqar oğlu İbrahimov idi. Haqqında danışdığımız sənədli filmin baş qəhrəmanı “N” saylı hərbi hissədə sülhməramlı qoşunda müddətdən artıq 1 il 6 ay hərbi xidmət keçmişdir. 16 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən ağır döyüşlərdə kiçik çavuş rütbəsində şəhidlik zirvəsinə ucalmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə İsrafil Zülfüqar oğlu İbrahimov ölümündən sonra dövlətimizin orden və medallarına – “Vətənə xidmətə” (3-cü dərəcə) ordeni, “Vətən uğrunda”, “Cəbrayıl uğrunda”, “Qubadlı uğrunda” və “Laçın uğrunda” medalları ilə təltif olunub. 

Təqdimatdan sonra Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova çıxış edərək, gənclərin hərbi-vətənpərvərlik ruhda formalaşması, onların milli-mənəvi dəyərlərlə yetişməsi, ölkənin inkişafı və təbliğində hazırlanan bir sıra vizual-virtual məhsulların kütləvi formada yayılmasında yaxından iştirak etmələri üçün Vətənimiz Azərbaycan ətrafında sıx birləşmələrini tövsiyə etdi: “Son vaxtlar ölkəmiz ətrafında baş verən geosiyasi hadisələr, münaqişədə olduğumuz Ermənistan, qonşu İran və digər ölkələrdən İnternet, eləcə də Kütləvi İnformasiya Vasitələri (KİV) ilə ixrac olunan ideoloji “silahlara, hücumlara” qarşı mübarizənin məqsədi Azərbaycançılıq və Vətənçilik ideyası ətrafında yeni nəslin nümayəndələrini və dünyanın hər yerinə səpələnmiş 60 milyonluq soydaşlarımızı birləşdirmək, şəbəkələşdirmək və səfərbər etməkdir. Bu baxımdan  II Qarabag müharibəsində iştirak edərək canlarını fəda edən qəhrəmanlarımızın geniş kütlələrə  tanıdılması, onların müqəddəs amallarınn təbliği, millətimizin dünyaya nümunə olan 30 illik haqq müharibəsinin ekran salnaməsini yaratmaqla, gənclərdə vətənpərvərliyi, Azərbaycansevərliyi daha da gücləndirmək çox vacibdir”. 

Tədbirin məqsədi sosial şəbəkələrdə yaradılacaq xüsusi səhifədə virtual fəaliyyətləri dəstəkləmək, İnternet, yeni media, KİV, sosial şəbəkələr, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında Şuşa və Qarabağa olan sevgini aşılamaq, onu dünyada tanıtmaqdır. 

Film Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb. Layihə "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyi tərəfindən həyata keçirilib. Filmin istehsalçısı "Vətən Media" Yaradıcılıq Qrupudur. İctimai Birliyin və layihənin rəhbəri Tahirə Məmmədova, filmin ssenari müəllifi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, rejissoru Teymur Zahidoğludur.

Fidan SALMANLI
XQ







Mədəniyyət