Azərbaycan bəstəkarının əsəri ilk dəfə Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilib

post-img

Azərbaycan bəstəkarının əsəri ilk dəfə Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilib. Almaniya dünya musiqisində görkəmli yeri olan dahi bəstəkarların vətənidir. Bax, Bethoven, Brams və bu kimi dünya səviyyəli alman bəstəkarlarının yaradıcılığı yüksək professionallığın parlaq nümunəsidir.

Bu adlarla yanaşı, Almaniyanın ali musiqi ocaqlarının tədris proqramına görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamsayağı” əsərinin daxil edilməsi böyük əlamətdar hadisədir. Azərbaycan bəstəkarının əsərinin seçilməsi təsadüfi deyildir.

Hələ 1989-cu ildə “Musik und Gesellschaft” (Almaniya) jurnalında qeyd olunurdu ki, Firəngiz Əlizadənin musiqisi Çingiz Aytmatovun kitabları kimi Şərq mədəniyyətini və incəsənətini Qərb üçün açır.

Firəngiz Əlizadə bir bəstəkar kimi, stereotipləri sevmir və onları yüksək peşəkarlıqla öz üslubu ilə əvəz edir. Müasir musiqinin əfsanəsi Arnold Şönberq klassik Qərb musiqi ənənəsinin Şərqlə birləşdirilməsinin mümkünlüyünə inanmırdı və “... onlar yağ və su kimi qarışmırlar”,- deyə bildirirdi. Lakin Firəngiz Əlizadə bunun əksini sübut etdi – o, Şərq və Qərb musiqi elementlərini özünəməxsus bəstəkarlıq üslubunda uğurla əlaqələndirərək birləşdirdi.

Firəngiz Əlizadənin fərdi musiqi dili avanqardizmlə tonallıq arasındadır və burada iki dünyanın özünəməxsus sintezi üstünlük təşkil edir. Firəngiz Əlizadə Şərq modal təfəkkürünün Qərb konstruktivizmi ilə qovuşduğu əsərlər yaradır. Bəstəkarın musiqisi Amerikadan Avstraliyaya kimi bütün qitələrdə məşhur orkestrlər, ansambllar, görkəmli musiqiçilər – Berliner Filarmonik, Kronos-Kvartet, Yo-Yo Ma, Evelin Qlenni, Hilari Han və bir çox başqaları tərəfindən ifa olunur.

Planetimizdə çəkişmələrin və münaqişələrin olduğu bir vaxtda dünyanın bir çox ölkələrində Firəngiz Əlizadənin musiqisi böyük maraqla qarşılanır. Xarici mətbuatda qeyd olunduğu kimi: “O, Şərqlə Qərbin müxtəlif xüsusiyyətlərini birləşdirmək və sintez etmək kimi heyrətamiz istedada malikdir”.

Firəngiz Əlizadə yaradıcılığının Almaniyanın ali musiqi məktəblərinin tədris planına daxil edilməsi təkcə bəstəkarın özü üçün deyil, bütün respublikamız üçün sevindirici haldır. Çoxsaylı tələbələr nəinki Firəngiz Əlizadənin yaradıcılığını təhlil edib öyrənəcək, həm də onun vətəni – Azərbaycan haqqında daha çox məlumat əldə edəcəklər. Bu da ölkəmizin dünyada təbliği istiqamətində mühüm əhəmiyyətə malikdir.

Mədəniyyət