Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yolu ilə keçməsi müsbət addımdır

post-img

Qarabağ Azərbaycanın öz daxili məsələsidir və artıq həll olunub. Lakin Fransa, Rusiya olmaqla bəzi dünya dövlətləri Qarabağ probleminin tarixdə qalması ilə barışmaq istəmirlər. Bu məqsədlə Fransanın göstərdiyi şoular və bir sıra ölkələrin Ermənistana verdiyi dəstək tərəfimizdə xüsusi narahatçılıq yaradır. Ancaq Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və digər öz ərazilər ilə bağlı prinsipial mövqeyi məsələnin Azərbaycanın xeyrinə həll olunması üçün kifayət qədər ciddi əsasdır.

Bu sözləri hərbi ekspert, jurnalist İbrahim Rüstəmov deyib.

O, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük avtomobilinin Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirib: “Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi Azərbaycanın daha bir qələbəsidir. Ümumiyyətlə, Ağdam-Xankəndi marşrutu ilə ərzaq daşınması ölkəmizin daxili işidir. Prezident, Ali Baş Komandan İlham Əliyev bu məsələyə münasibət bildirərək qeyd edib ki, Qarabağda yaşanan problemlərin həlli Azərbaycanın daxili işidir və hər hansı xarici dövlətin dəstəyinə ehtiyac duymur.

Digər tərəfdən Qarabağda keçirilmiş qondarma seçkilər heç bir dövlət tərəfindən tanınmır. Bu isə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquq tərəfindən müdafiəsi deməkdir. Eyni zamanda, Azərbaycan ərazisində ikinci dövlətin yaradılması ehtimalını sıfıra endirən məsələdir. Azərbaycan beynəlxalq arenada kifayət qədər ciddi mövqe nümayiş etdirir və öz ərazi bütövlüyünün, suverenliyinin təminatçısıdır. Ermənilərin keçirdiyi “prezident seçkiləri” təxribat xarakteri daşıyan şoudan ibarət idi. Bu baxımdan Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi, Türkiyə Cümhuriyyəti və digər Türk dövlətləri tərəfindən Azərbaycana verilən dəstək yüksək qiymətləndirilməlidir. Həmin ölkələrin dəstəyi Azərbaycanın daha prinsipial mövqedə dayanmasının nəticəsidir”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan bundan sonrakı dövrdə həmin yolla Beynəlxalq Qızıl Xaç Komitəsinin ərzaq daşımasına icazə verə bilər. Ancaq Laçındakı nəzarət-buraxılış məntəqəsində müəyyən prosedurlar ölkəmizin qanunlarına uyğun şəkildə həyata keçiriləcək. Yəni, bütün bunlar Azərbaycanın siyasi, hərbi, iqtisadi və digər məsələlərdə aparıcı mövqedə olması baxımından çox əhəmiyyətlidir. Dövlətimiz prinsipial mövqeyini sonadək qorumaqla öz ərazi bütövlüyünün tam təminatı işində, eyni zamanda, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi kimi məsələlərdə uğura nail olacaq. Bizim yolumuz haqq yoludur. Apardığımız mübarizə beynəlxalq normalara tam uyğundur. Çünki dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağda hər hansı separatçı qüvvələrin ikinci dövlət qurmaq arzusu, onların xüsusi imtiyazlara səbəb olması mümkün deyil.

Son xəbərlər