Daşkənddə Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü münasibəti ilə mərasim keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki  (AMM) “Azərbaycan-Özbəkistan Dostluq Muzeyi”ndə Özbəkistanın müstəqilliyinin 32-ci ildönümü münasibəti ilə mərasim keçirilib. 

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər. 

İlk öncə Azərbaycan və  Özbəkistana prezidentlərinin qarşılıqlı səfərləri haqqında videoçarx nümayiş olunub. 

AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq müstəqillik illərində Azərbaycanda və Özbəkistanda həyata keçirilən böyük islahatlar haqqında söhbət açıb. Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixən mövcud olduğundan söz açıb. O, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin üç dəfə Özbəkistanda səfərdə olduğunu vurğulayaraq dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyəyə qalxmasında bu səfərlərin böyük rolunu qeyd edib.  

 S. Abbasov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərində Özbəkistan dövlətinin vəsaiti hesabına tikilən və Azərbaycana hədiyyə edilən məktəbin acılışı haqqında da ətraflı məlumat verib.

Professor Nigina Şermuxammedova Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərindən söz açaraq müstəqillik illərində Azərbaycanla Özbəkistan arasında  bütün sahələri əhatə edən münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb.

Dosent Rano Kadirova, şairə Nargiza Əsədova, soydaşımız, şair Əli Nəsirli və başqaları ölkələrimiz arasında mövcud əlaqələr, dostluq-qardaşlıq münasibətlərindən söz açaraq, yüksək səviyyədə olan bu münasibətlərin qorunub saxlanılması və inkişaf etdirlməsinin vacibliyini vurğulayıblar. 

Tədbirdə Mədəniyyət Mərkəzinin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Qulu Kəngərli

“Xalq qəzeti”nin xüsusi müxbiri

Daşkənd





Mədəniyyət