Görkəmli akademik ehtiramla yad edilir

post-img

Ötən əsrin 70–80-ci illərində AMEA-ya rəhbərlik edən tanınmış fizik və elm təşkilatçısı, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Həsən Abdullaye­vin anadan olmasının 105-ci ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun bir qrup alimi onun məzarını ziyarət edib. 

Mərasimdə AMEA-nın birinci vit­se-prezidenti, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov görkəmli alimin elmi fəaliyyəti və onun zəngin irsindən söhbət açaraq, akade­mik H.Abdullayevin təkcə fizika elminin deyil, bütövlükdə, Azərbaycan elminin inkişafında böyük xidmətlərini yada sa­lıb. Fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov və Almaz Xəlilova akademik Həsən Abdullayevlə bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndin­də anadan olmuş, əsrin ortalarından sonra isə dünya elektronikası və yeni texnologiyaların patriarxlarından biri kimi dəyərləndirilən akademik Həsən Abdullayev daim böyük elmi töhfələri ilə seçilib. 

O, Azərbaycan Pedaqoji İnstitutu­nun fizika-riyaziyyat fakültəsinin məzu­nu olub. Çox tezliklə gənc Həsən son­ralar Nobel mükafatına layiq görüləcək ilk bakılı alim – akademik Lev Landa­unun diqqətini cəlb edib. Namizədlik dissertasiyasının uğurlu müdafiəsindən sonra, 1948-ci ildə SSRİ Elmlər Akade­miyasının Fizika-Riyaziyyat Bölməsin­dən Fiziklərin Ümumittifaq Yığıncağına fərdi dəvət alıb. Daha 6 il sonra o, elm­lər doktoru olub, professor adını alıb. 1970-ci ildə isə SSRİ EA-nın müxbir üzvü seçilib.

Həsən Abdullayev pillə-pillə ucal­dığı Azərbaycan Elmlər Akademiyası (AEA) Fizika İnstitutunda düz 36 il – 1957-ci ildən ömrünün sonunadək di­rektor vəzifəsində çalışıb. 1968–1970-ci illərdə AEA-da FRTE Bölməsinin akademik-katibi, sonra AEA Prezidenti (1970–1983) olub. 

Akademik H.Abdullayev Azərbay­canda müasir fizikanın, xüsusilə, ya­rımkeçiricilər fizikası və texnikasının əsasını qoyub, bu sahəni hərtərəfli inkişaf etdirib, yüksək səviyyəli fiziklər məktəbi yaradıb. O, bir qismi xaricdə dərc olunan 13 monoqrafiyanın, 500-dən artıq elmi məqalənin, 40-dan çox ixtiranın (o cümlədən ABŞ və Fran­sa Patentinin) müəllifidir. Akademikin rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və 20 elmlər doktoru yetişdi­rilib. Elmlər Akademiyasına rəhbərliyi dövründə respublikada yaratdığı elmi baza əsasında 1545 namizəd və 180 elmlər doktoru hazırlanıb, dünyanın 34 ölkəsində 200 ixtira qeydiyyata alınıb.

AEA Fizika İnstitutunda bir sıra va­cib bölmələrin, Azərbaycan Dövlət Uni­versitetində (indiki BDU-da) yarımkeçi­ricilər fizikası kafedrasının yaradılması məhz onun adı ilə bağlıdır. Ayrıca ins­titutlar da yaradıb: mikrobiologiya, ki­bernetika, geofizika, mikroelektronika, biofizika institutları, Şamaxı Rəsədxa­nası və Astrofizika şöbəsi bu sıradan­dır. Görkəmli alim SSRİ EA Rəyasət Heyəti yanında “Yarımkeçiricilər fizi­kası və kimyası” Elmi şurasının üzvü, respublika “Fizika Problemləri” Elmi Şurasının və “Bilik” Cəmiyyəti İdarə Heyətinin sədri, elm və texnika sahə­sində Azərbaycan Respublikası Dövlət mükafatları Komitəsinin sədri olub. Bir neçə çağırış SSRİ Ali Sovetinin depu­tatı seçilib. Akademik H.Abdullayev “Qırmızı Əmək Bayrağı” və “Lenin” or­denləri, “Rəşadətli əməyə görə” meda­lı, SSRİ EA-nın S.İ.Vavilov adına qızıl medallı, Leypsiq yarmarkasının (ADR) böyük qızıl medalı və s. ilə təltif edilib. 

Keçmiş SSRİ-nin ən ünlü akademik­lərdən biri, Kurçatov adına Atom Ener­jisi İnstitutunun fəxri prezidenti Yevgeni Velixov onun haqqında deyib: “Abdul­layev tərəfindən 1945-ci ildə başlanmış yarımkeçiricilər və yarımkeçirici çeviri­vilər üzrə araşdırmalar inkişaf etdirildi və müasir kompüterlərin, mobil rabitə və internetin, ilk lazer disklərinin, simsiz texnikaların və s.-nin yaradılmasının əsasını təşkil etdi... 1957-ci ildə o, yeni texnologiyaların inkişafı və Azərbaycan akademik elminin flaqmanı olan ilk tə­dqiqat və istehsal mərkəzinə çevrilən Elmlər Akademiyasının hazırkı Fizika İnstitutu Azərbaycanda "Silikon Vadisi" modelini yaratdı”.

Bu fikir isə Qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, professor Lüt­fi Zadəyə məxsusdur: “Akademik H.M. Abdullaev dünya fizika elminin əsas simalarından biridir”. 

5 il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkənin elmi potensialının artırılma­sı və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların ha­zırlanmasında böyük xidmətləri olan görkəmli akademikin 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. 

Bəli, akademik Həsən Abdullayev hər zaman qədirbilənliklə yad edilir. 

Özündən sonra müasir elektron vasitələrə çevrilən fikirlər, müasir elm ulduzlarına çevrilmiş yetirmələrdən ibarət bir məktəb qoyub gedən dərin zəka sahibinin xatirəsi daim yaşayır. 

Hazırladı: Əli ƏLİYEV, “Xalq qəzeti”



Mədəniyyət