Kinomuzun “Sonuncu mogikan”ından yaddaqalan fikirlər

post-img

“Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir. Azadlıq, istər acı olsun, istər şirin. O idi məni döyüşdən döyüşə aparan. Amma sən anlamadın ki, bu dünyada bir gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”. 

“Mənim ölümüm mənim üçün son silahdır. Bu silah dünyaya mərd gəlib, mərd gedənlərin son silahıdır”. 

44 ildir izlədiyimiz “Babək” filminə aid bu sözləri yəqin ki, hər biriniz xatırladınız. 20 il ərəb imperializminə qarşı savaş açan,  qələbələr qazanan və öz mübarizə dəst-xəttinə dönük çıxmayan  üsyankar Babəkin dilindən deyilən bu sözlər bütün zamanlar üçün aktualdır. Bu fikirlər xalqımız üçün xüsusilə önəmlidir. Biz müstəqilliyə doğru gedən illərdə də, onu bərpa edəndə də, hətta indi də... Bu xalq, doğrudan da, azadlığına qovuşmağa təşnə olduğunu sevimli aktyorunun dilindən eşitməyinə sevinir, hətta qəhərlənir. Amma filmdə Babəki Babək edən məhz odur. Sözün həqiqi mənasında xalqının sevimlisi olan Rasim Balayev. Hər dəfə filmi izləyəndə məhz onun səs tembri, yüksək aktyorluq məharəti, izləyicilərin ürəyini riqqətəgətirən sözləri, diksiyası, üzünün, gözlərinin, bir sözlə, mimika və jestləri, filmdə şəlalə kimi axıb gələn istedadı min il əvvəlki tarixi şəxsiyyəti gözümüzün qabağında yenidən canlandırır. Qəhrəmanlarının dediyi fikirlərin möhtəşəmliyini hər bir kəsə hiss etdirir. İnanın ki, Rasim Balayevin ifasında Babəkin bu sözləri Mel Gipsonun milyonlarla dollara ərsəyə gətirdiyi “Cəsur ürək” filmindəki monoloqundan daha qüvvətlidir.  

Sevimli aktyorumuzun  oynadığı bütün rollar maraqlı olub. Lakin milli kinomuzun şedevr filmlərindən sayılan “Nəsimi”dəki baş rolun ifası, sözün həqiqi mənasında, möhtəşəmdir. Görkəmli Azərbaycan şairi, haqq aşiqi İmadəddin Nəsiminin qəzəllərini milyonlara məhz o sevdirdi. Məhz onun ifasında biz böyük filosof şairimizin ibrətamiz həyatını, mübarizə yolunu sevdik, onun yaradıcılığına aşiq olduq.

Nəsiminin Əmir Teymurla dialoqunda dediyi “güclü, gücsüz insan yoxdur, kamil insan var bir də cahil. Cahilin tərzi-həyatı heyvanatın tərzi-həyatı ilə uyğundur. Kamil insan isə cümlə aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq” fikirləri tam bir fəlsəfədir. Bu fəlsəfəni isə Rasim Balayev maraqlı rol ifası daha əlçatan edir. Həm də bu fikirlər  aktuallığını qoruduqca  və hər dəfə eşidilincə böyük şairimizin mübariz obrazı gözümüzün önündə canlanır. Filmdə bizi böyük şairimizin məqamını dərk etməyə çatdıran da Rasim Balayev qeyri-adiliyi, fərqliliyidir. 

Yaxud 1975-ci ildə çəkilən “Dədə Qorqud” filmindəki Bamsı Beyrək rolunu götürək. Filmdə çox maraqlı rol olan Beyrək əsirlikdən xilas olur və Qazan xanla birləşir. Bundan narahat olan və Qazana asi olan Aruz və əsgərləri Beyrəyi danışıq üçün yanlarına çağırır və tərəflərinə çəkməyə çalışırlar. Beyrək isə onlara belə  cavab verir : “Aldadıb ər tutmaq arvad işidir”. Bu fikir dastanda var. Aldadıb ər tutmaq, yəni bir kişini təkləmək, aldadaraq silahsız ələ keçirmək namərdlikdir. Lakin inanmıram ki, kimsə bu sözü Rasim Balayevin ifasındakı Beyrək qədər təsirli deyə bilərdi...

Sevimli sənətkarını Babək, Nəsimi, Beyrək rollarında görən  və bunun dəyişməz olduğunu düşünən xalq fikrində ideallaşdırğı qəhrəmanını mənfi rolda heç zaman qəbul etməyib. Şəxsən özüm də belə düşünürəm . Lakin “Qanlı Zəmi” filmində Qaçaq Nəbinin düşməni Səlim bəy o qədər peşəkarlıqla oynanılır ki, adam rola nifrət etsə də, sanki əli-qolu yanına düşür sevimli aktyorunun bu roluna da hörmətlə yanaşır. Xüsusilə filmdəki bu səhnə və deyilən fikir indi də aktuallığını qoruyur və istifadə olunur. Nəbi mühasirəyə alınır və qoluna qandalı taxmağa gələn İbrahim bəyə qaçaq sərt baxışlarla təpki göstərir. Bundan təsirlənən Səlim bəy düşmən də olsa atdan enir və Nəbiyə sarı gələrək deyir : Haqlısan, Nəbi, düşmən də olsan, haqlısan. Kişinin də qoluna qandalı gərək, kişi vursun. 

Əlbəttə, filmlərimizi baxımlı və yaddaşlarda qalıcı edən həm də mətnlərdir. Lakin rolu kim oynayır? Bu mətnlərin, ssenarilərin az qala aforizmə  çevrilən müdrik sözlərini kim, hansı formada ifadə edir. Budur məsələ ! Bəli, Rasim Balayev nadir sənətkarlardandır ki, o yaddaşlarda öz heykəlini sağlığında ucalda bilib. 

Bu günlərdə 75 yaşı tamam oldu və dövlət başçısı tərəfindən ölkənin ən böyük mükafatlarından biri olan “İstiqlal” ordeni ilə təltif edildi. Bu münasibətlə xalqımızın sevimli sənətkarı Rasim Balayevi təbrik edirik. Fürsətdən yararlanaraq, sevimli sənətkarımıza çatdırmaq istəyirik ki, filmlərində yaratdığı obrazlar yaşadıqca, o da yaşayacaq. Qəhrəmanların dilindən dediyi amiranə fikirlər həmişə zərb-məsəl olaraq seviləcək. 

Anar TURAN,
“Xalq qəzeti”

Mədəniyyət