Bakıda keçirilən Özbəkistan Mədəniyyəti Günləri uğurla sona yetdi. Bayramın sonuncu günü Milli İncəsənət Muzeyində keçirilən mərasimdə iki ölkənin mədəniyyət nazirləri, tanınmış incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov qonaqları salamlayaraq bildirdi ki, ölkələrimiz arasında dostluq münasibətləri, əlaqələrin möhkəmlənməsində dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin müstəsna xidmətləri var. Sevindirici haldır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə qardaş ölkənin bir qrup mədəniyyət xadimi “Xalq artisti” fəxri adı və “Dostluq” ordeni ilə təltif edilib. Qardaş ölkələrimiz arasında dostluq münasibətləri bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf edir.
Sonra tanınmış müğənni olan soydaşımız Nəsibə Abdullayevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının nişanı və vəsiqəsi təqdim edildi. Mükafatı mədəniyyət naziri Adil Kərimli təqdim etdi. Adil Kərimli iki xalq arasında bağların daha da yaxınlaşmasında xidmətləri olan sənət adamlarını təbrik edərək yaradıcılıq uğurları arzuladı. Nəsibə Abdullayeva Azərbaycan xalqının onu unutmadığını, sənətinə hər zaman diqqət və sevgi ilə yanaşdığını qeyd edərək yüksək dövlət təltifinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Daha sonra “Dostluq” ordeni ilə təltif edilən Haşimjon İsmayılov, Əli Nəsirli və Kamoliddin Urinbayevin mükafatları təqdim olundu. Əli Nəsirli mərasimdə iştirak edə bilmədiyi üçün mükafat nümayəndə heyətinə təqdim edildi. Təltif olunanlar Azərbaycanda fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etdilər. Sənət adamları qardaş xalqlarımızın mədəniyyətinin inkişafına bundan sonra da öz töhfələrini verəcəklərini vurğuladılar.
Mərasimdə Özbəkistan Prezidentinin sərəncamı ilə fəxri ada layiq görülən azərbaycanlı sənət və elm adamları da iştirak edirdilər. İki ölkənin nazir və sənətçiləri birgə xatirə şəkli çəkdirdilər.
Özbəkistanlı qonaqların Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə də tanışlığı onlarda zəngin təəssürat yaratdı.
***
Mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində klassik “Qayınana” tamaşası ilə çıxış etdi.
Səhnə əsərinin özbək variantının rejissoru Daston Xakberdiyev, musiqi tərtibatçısı Karima Uzakova, rəssamı Cəlalədin Rahimov, dirijoru Akmal Turayevdir. Tamaşada Cənnət obrazını Özbəkistanın Əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə rollarını Gülasar Raxmonova Ayazı Omon Yuldaşev oynayıblar. Sevda (Arofat Erqaşeva), İlqar (Ravşan İbraqimov), Sədaqət ( Zilola Abdullayeva) rolları da yaddaqalan oldu.
Özbək sənətçilərinin ifasında tamaşada dil fərqi elə də hiss olunmurdu. Həm pyesin güclü koloriti, həm də truppanın yaradıcı səyləri tamaşanın təbii alınmasına təsir edən amillər idi. Aktyorlar bəzi sözləri təmiz Azərbaycan dilində deyirdilər. Musiqi parçaları da orijinal variantda olduğu kimi səsləndirildiyi üçün gurultulu alqışlarla qarşılandı.
Epizodlara baxdıqca unudulmaz Xalq artistimiz Nəsibə Zeynalovanın (Cənnət rolu) sağlığında 1000 dəfədən çox oynanılmış komediyanın orijinal səhnələri, tanınmış aktyorlarımızın işıqlı obrazları göz önündə canlanırdı. Bildiyimiz kimi, “Qayınana” musiqili komediyasını bəstəkarlar Zakir Bağırov və Tofiq Quliyev aktyor Məcid Şamxalovun librettosu əsasında yazılıb. 1965-ci ildə oynanılmış ilk tamaşanın rejissoru Niyaz Şərifov, rəssamı Böyükağa Mirzəzadə idi. Səhnə əsəri dəfələrlə Orta Asiya respublikalarında, Bolqarıstanda da teatrsevərlərə təqdim edilib.
Onu da xatırladaq ki, “Qayınana” bizim Musiqili Teatrın səhnəsində özbək dilində ilk dəfə təqdim olunmurdu. Ötən il dekabrın 4-ü və 5-də rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivi səhnə əsərini burada uğurla oynayıb.
Tamaşa bu dəfə də maraqlı keçdi, sürəkli alqışlarla müşayiət olundu. Müsahibələr aldıq.
Karima Uzakova, Özbəkistanın Fəxri mədəniyyət xadimi, səhnə əsərinin musiqi tərtibatçısı:
– Təbii ki, ilk növbədə əsərin musiqisindən danışmalıyam. Deyim ki, “Qayınana” belə böyük uğur qazanmasına görə bəstəkar Zakir Cavad oğlu Bağırovun da ruhuna borcludur. Bildiyimə görə, Zakir Bağırov Azərbaycan Dövlət Konservatoriyasında 45 il müəllim kimi fəaliyyət göstərib, operanı, klassik musiqini əla bilib. Biz onun bu operetta musiqisini sırf orijinaldakı kimi təqdim etdik. Başqa cür ola da bilməz. Bakı teatrsevərlərinə gəlincə isə onu deyim ki, çox həssas publikadır, incəsənəti dərindən bilirlər.
Muqimi adına Musiqili Dram və Komediya Teatrının aktyoru Ravşan İbraqimov:
– Bakıya ilk səfərimdir. Paytaxtınızı çox bəyəndim. Qədim şəhər möhtəşəm tikililəri və parkları ilə göz oxşayır. Təəssüratım çox zəngindir. Özbəkistandan bura “Qayınana” tamaşasına görə gəlmişəm. Sizin Dövlət Akademik Musiqili Teatrınızın səhnəsində oynamaq böyük şərəfdir. Mən tamaşada İlqar obrazını canlandırdım. Bu, peşəkarlıq baxımından şəxsən mənim üçün böyük təcrübə oldu. Düşünürəm ki, pis alınmadı. Bakıdakı həmkarlarımızla yaxından tanış olmaq fürsəti də əldə etdik. Bizim mədəniyyətimiz də bir-birinə çox yaxındır. Buna görə də təcrübə mübadilələrimiz çox faydalı olacaq...
***
Elə həmin axşam Bakının bulvar ərazisində tanınmış özbək sənətçilərinin iştirakı ilə geniş konsert proqramı təşkil olundu.
Mədəniyyət günlərinin möhtəşəm bağlanış mərasiminin keçirildiyi tədbirdə məşhur sənətçilərdən 7 ölkənin Xalq artisti olan, məşhur “Yalla” ansamblının yardıcısı Fərrux Zakirov, Özbəkistanın və Azərbaycanın Xalq artisti Nəsibə Abdullayeva, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmiş Xalq artisti Haşimjon İsmaylov, qardaş ölkənin digər tanınmış sənətçiləri – Xalq artistləri Zulayxo Boyhonova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları öz zəngin repertuarları ilə sənətsevərlərin qarşısında parlaq çıxışlar etdilər. Konsert zamanı Özbəkistandan təşrif buyurmuş sənət dostlarımız repertuarlarında yer alan populyar mahnılarla bərabər, Azərbaycan musiqisindən nümunələri də böyük məharətlə ifa etdilər. “Dutorçu” qızlar ansamblının da çıxışı hər kəsi valeh etdi. Qızlar həm öz gözəllikləri, həm də şən, oynaq musiqi nömrələri ilə, sözün əsl mənasında, ürəkləri ovsunladılar.
Xatırladaq ki, avqustun 1-də, Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimində də onlar tamaşaçı qəlblərini eyni şəkildə fəth edə bilmişdilər.
Tədbir boyunca özbək qonaqlarla səmimi söhbətlərimiz oldu. Onların ürək sözlərini təqdim edirik.
Maftuna Torayeva, “Dutorçu” qızlar ansamblının üzvü:
– Kollektivimizin hər bir üzvü gözəl Bakıya vuruldu. Şəhəriniz füsunkardır, insanlarınız da gözəl, mehriban və gülərüzdürlər. İlahi, azərbaycanlılar özbək musiqisini necə də ürəkdən sevirlər! Heç biz də Azərbaycan musiqisinə sevgimizlə heç də geridə qalmırıq. Yaxşı yadımdadır, 2 ay əvvəl Daşkənddə “Özbəkistanda Azərbaycan musiqisi günləri” çərçivəsində Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova “Can Azərbaycandan can Özbəkistana sevgilərlə” adlı konsert proqramı ilə çıxış etdi və alqış sədalarından az qala divarlar lərzəyə gəldi. Həmin konsertdə Özbəkistanın Əməkdar artisti Yulduz Turdiyeva səhnəyə çıxaraq Gülyanaq xanımla birgə duet və xalq mahnılarımızı ifa etdi. Yəni eyni kökdən su içən mədəniyyətlərimiz var.
Özbəkistan Aşpazlar Assosiasiyasının baş aşpazı Azamat Ruzbayev:
– Azərbaycan bizə ən yaxın dost olan Türk dövlətidir. Əvvəllər də burda olmuşam. Şuşa qalasını ziyarət etmişəm. Ölkənizi çox bəyənirəm. Dəniz mənzərəsini, xüsusilə. Ölkənizin əsrarəngiz təbiəti var. İnsanlarınız çox mehriban və istiqanlıdır. Böyük anşlaqla keçən bu konsert proqramı tamaşaçılar tərəfindən böyük məmnunluq hissi və coşqu ilə qarşılandı.
Sizin mətbəxiniz özbək mətbəxinə yaxın olduğu üçün çox bəyənirəm. Yeməkləriniz arasında dolma və şah plov həqiqətən də çox dadlıdır. Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunan kulinariya sərgisində biz də öz məharətimizi nümayiş etdirdik, plov axşamı yaddaqalan oldu. Özbək mətbəxi təkcə məşhur plovla deyil, həm də bir çox başqa yeməklər, o cümlədən lağman, kabab, beşbarmaq, damlyama, mantı, aççik-çuçuk, çuçvara, çak-çak, sumalak, samsa, patır, halvaitar, gul - xanım və sairlə şöhrət qazanıb.
Ölkəmizə təşrif buyurmuş sənətçilər və digər qonaqlar 4 gün ərzində bənzərsiz ifaları, folklor nümunələri, dadlı mətbəx nümunələri ilə bir daha Özbəkistanın böyük tarixə, zəngin mədəniyyətə malik olan bir ölkə olduğunu göstərdilər.
Əli NƏCƏFXANLI,
Fidan SALMANOVA,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”