Gəncə Memorial Kompleksinin layihəsi təqdim olunub

post-img

Qırx dörd günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə inşa ediləcək Gəncə Memorial Kompleksinin layihəsi təqdim edilib. 

Gəncə Memorial Kompleksi Ermə­nistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamə­tində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən, ərazidə ziyan çək­miş binaların konservasiyası nəzərə alınmaqla layihələndirilib. Təməli 30 yanvar 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Memorial Kompleksinin konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə “Azər­memarlayihə” Dövlət Baş Layihə İnsti­tutu tərəfindən hazırlanıb. 

Gəncə Memorial Kompleksi unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərin­dən ibarətdir. 

Memorial abidə 12 metr dərinliyə qədər enməsi nəzərdə tutulmuş spi­ralvari formada, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minima­lizm üslubunda layihələndirilib. Muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr plan­laşdırılıb. Kompleks ərazisində yer­ləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək və törədilmiş faciənin işıq­landırılmasında xüsusi rol oynayacaq. 

Raket zərbələri nəticəsində dağı­dılmış yaşayış binalarının qalıqlarının və izlərinin saxlanılacağı hissə isə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub.

Burada şəhərin zərər dəymiş hissə­sinin abadlaşdırılması və əhalinin isti­rahəti üçün geniş parkın yaradılması da planlaşdırılır. 

Ərazidə, həmçinin 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qur­ğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası nəzərdə tutulub.

Kompleksin ərazisində yeni la­yihələndirilən bina və qurğuların tikin­ti sahəsi 3140.2 kvadratmetr, bütün yerüstümərtəbələrinin sahəsi 3542.2 kvadratmetr, konservasiya olunan bi­naların sahəsi isə 2965.9 kvadratmetr təşkil edir. 

Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ay­rı-ayrı zamanlarda, yəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket zərbələri endirilib. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verib. Əha­linin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata ke­çirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. 

Gəncə şəhərinə atılmış raket zər­bələri nəticəsində 6-sı uşaq və yeni­yetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumi­likdə 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

H.ZEYNALOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat