Vətənə xidmətə görə xalqa minnət qoymaq olmaz

post-img

Bu həssas, ağrılı mövzu təkcə Gəncəyə aid deyil...

Mövzu var ki, aylarla beynində dolaşdırırsan, amma yaza bilmirsən ki, bilmirsən. Qələm əlindən sürüşüb ağappaq kağızın üstünə düşür. Yenidən əlinə almağa qorxursan, yaza bilmirsən. Elə bilirsən ki, o, bir xəncər olub şəhidin tənəli baxışları altında ürəyinin başına sancılacaq... Bir gözünü, bir ayağını düşmənlə əlbəyaxada itirən qazinin ayaq üstdə özünü güclə saxlayan qürurlu duruşuna tab gətirməyəcəksən. Balasının tabutunu başı üzərinə qaldıran ananın sərt baxışları yıxıb sürüyəcək səni. “Kişi ağlamaz” deyən atanın göz yaşlarını görməsinlər deyə üçrəngli bayrağımızı üzünə tutduğu an qəhərləndirəcək səni...Bax, beləcə günlər, aylar keçəcək, ürəyində bir qubar bağlayacaq, səni incidəcək, ta...əlini yenidən o qələmə sarı uzadanədək. 

...Hacıkənddəyəm. Gəncədəki dəh­şətli isti az qala şəhərin yarısını bura axışmağa məcbur edib. Dolayı yol kənarlarındakı kafelərdə əyləşən kim, körpə quzu əti alıb kabab çəkən kim, ya süfrə salıb ətrafında bardaş qu­rub əyləşən kim, samovar qaynadan kim. Hansını deyəsən, ailələrin sayı – hesabı yox. Böyüklərin səsi uşaqların səsinə, bayağı musiqi sədalarına qarı­şıb, ağız deyəni qulaq eşitmir. Az qala, hər obyektin qarşısında şəhid portreti var. Kabab tüstüsü bürüyüb dörd yanı, üz-gözlərini seçmək də olmur. Əlində bir neçə şiş tənginəfəs yamaca qaçan 15-16 yaşlı bir oğlan uşağını saxlayıb soruşuram: “Bu kimin şəklidir?” “Xalam oğludur, kababxana da bizimdir” – de­yib yoluna davam edir. Heç 15-20 metr aralanmamış daha böyük başqa bir portretlə rastlaşıram. Yanında dayan­mış orta yaşlı bir kişi diqqətlə baxdığı­mı görüb: “Bizim qazidir” – deyir. Sonra da əlavə edir ki, “özü də indi gələcək, aşağıdakı yer onundur, tez-tez gəlib nəzarət edir...”

Əslində Hacıkənddə gördüyüm bu üzdəniraq mənzərə də mövzu­nu qələmə almağıma səbəb deyildi. Peşəsinə, şəxsiyyətinə həmişə hör­mətlə yanaşdığım istedadlı foto-müx­bir, televiziya operatoru Rövşən Əmiraslanoğlunun sosial şəbəkədə təəssüflə paylaşdığı “Qazinin mey­və – tərəvəzi” sözləri yazılmış şəkili görəndə yazmaq qərarım qətiləşdi. Fi­kirləşdim ki, axı nə bizim şəhidlər, nə qazilər, nə onları böyüdüb tərbiyə edən valideynlər, cəmiyyətimiz Vətən tor­pağı üçün tökülən qanın əvəzini göz­ləməyiblər. Onların yalnız bir məqsədi olub: düşməni torpaqlarımızdan qovub çıxarmaq, 30 illik həsrətə son qoymaq, xalqı sevindirmək, ordumuzun, Prezi­dentimizin gücünü göstərmək! Buna da nail olublar! Özü də cəmi 44 günə!

…Gəncə qəhrəmanlıq göstərə-göstərə, şəhid verə-verə bu günlərə gəlib çıxıb. Hələ 3 min il bundan əvvəl fars işğalçılarına qarşı döyüşmüş Əfra­siyab, XI əsrdə monqollarla vuruşmuş Usta Bəndər, sonrakı dövrlərdə yadel­lilərlə ölüm-dirim savaşına girmiş Qızıl Arslan, Cavad xan kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrə­manlıq tarixinin bütöv bir mərhələsini yaratmışlar.

Doğrudur, Rusiya imperiyası xalqı­mızı hərbi xidmətdən məhrum etmiş, azərbaycanlılar orduda xidmət əvə­zinə müxtəlif vergilər ödəmişlər. La­kin Gəncə şəhərinin yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın ali məktəblərinə göndərə bilmiş və onlar sonradan ən yüksək sərkərdəlik nü­munəsi göstərmişlər. Onlardan Əmir Kazım Qacar, Cahangir bəy Kazım­bəylinin adlarını çəkmək olar. Gəncə - Qarabağ bəylərbəyliyində aparıcı mövqeyi olan Qacarlar nəslindən 7 general çıxmışdır. Azərbaycanda Mil­li Ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi dağıldıqdan son­ra İsmayıl xan Ziyadxanov tərəfindən 1917-ci ilin mayında keçirilən Qafqaz müsəlmanlarının qurultayında söylənil­mişdir və burada müsəlman alaylarının yaradılmasına başlamaq üçün xüsusi büronun təşkili haqqında qərar qəbul edilmişdir.

İkinci dünya müharibəsi illərində də Gəncədən gedən igid oğulların sorağı hər yerə yayılmışdı. Bu illərdə 25 min 643 gəncəli cəbhəyə yollanmışdı. Gən­cəli kiçik leytenant İsrafil Məmmədo­vun göstərdiyi şücaət ona böyük şöhrət qazandırmış və o, azərbaycanlılar ara­sında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. İ.Məmmədo­vun ardınca daha 10 nəfər gəncəli hə­min yüksək adı qazanmışdır.

Mənfur ermənilərlə döyüşlərdə Gəncədən olan oğullarımızın qəhrə­manlığı da göz önündədir və onların hər biri haqqında saatlarla danışmaq olar. 

Bunları nəyə görə dönə-dönə, yeni­dən xatırladıram? Azərbaycanda, təbii ki, Gəncədə də şəhid, qazi adı həmişə böyük hörmətlə çəkilib və bu gün də çəkilir. İndi dövlətimiz belə imtiyazlı şəxslər üçün nələr edir, hansı qayğını göstərir, sadalamağa ehtiyac yoxdur. Sadalasaq bu fərmanların, sərəncam­ların, yaradılan yardım təşkilatlarının, fondların təkcə adları uzun bir siyahı olar. 

Heç sadalamaq da lazım deyil. Çünki bu onların Vətən borclarının ha­lallığıdır. Halallığı isə xalqımız heç vaxt üzə vuran deyil. 

...Səhər tezdəndir. Gəncənin Şəhid­lər xiyabanındayam. Dağlardan əsən xəfif meh ətrafdakı al qan rəngindəki çiçəklərin ləçəklərini tərpədir. Bir-birin­dən seçilməyən şəhid qəbirlərinin arası ilə astaca nəhəng abidə kompleksinin önünə gəlirəm. Son üç ildə onların sayı bir qədər də artıb. Birinin yanında ayaq saxlayıb dayanıram. Şəkil yamanca ta­nış gəlir. Birdən diksinən kimi oluram. Bu ki, “Qazinin meyvə tərəvəzi” sözləri yazılmış və binanın divarına vurulmuş transparantın üzərində şəkli olan Elşad Fərəcullayevin məzarıdır. Gəncədəki 17 nömrəli orta məktəbi bitirib. 8 no­yabr 2020-ci ildə Xankəndi istiqamətin­də gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və burada dəfn olunub. Ölkə Prezidentinin sərəncamları ilə ölümün­dən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Fikir məni götürür…Şəhid, meyvə tərəvəz, qazi… Bir-biri ilə heç bir əlaqəsi, yaxın­lığı, oxşarlığı olmayan sözlər…

Nə qədər kəskin, ağrılı olsa da söy­ləmək məcburiyyətindəyəm. Gəncə­də müqəddəs şəhid, qazi adlarından əməlli-başlı spekulyasiyaya (başqa söz tapmadım) başlanıb. Bir də baxır­san ki, şəhərin mərkəzində adamların gur gediş-gəlişi olduğu keçiddə kimsə, necə deyərlər, məskən salıb, primitiv bir bazar açıb, taxta skamyaların üzə­rinə nə gəldi düzüb. Soruşursan kimdir, deyirlər, “ŞƏHİD anasıdır.” Başqa yer təklif olunsa da heç hara getmir, deyir: Elə burada satmalıyam, oğul qurban vermişəm, mənə heç kim heç nə deyə bilməz.

Əslində, düz deyir. Çünki dəfələr­lə müşahidə etmişəm ki, polislər ona mane olmur, əksinə, çox nəzakətlə davranırlar. Əvəzində yolun ortasında­kı “piştaxta” hər gün uzanır. Şəhidin, qazinin “meyvə-tərəvəzi”nin yanına “şmotkalar”, ayaqqabılar, suvenirlər düzülür... 

Çoxdan tanıdığım ziyalılardan biri mənə açıqca söylədi ki, oğlum şəhid anasının piştaxtasının yanına ayaqqa­bı qoyub satır. Kim mane olmaq istəyəndə həmin ananı nişan verir və heç nə demirlər... 

Şəhid və qazilərin şəkillərindən sui –istifadə etmək isə heç bir ölçüyə sığmır. Yuxarıda adını çəkdiyim Ha­cıkənddə, yol kənarlarında elə şəhid portretləri var ki, az qala, hər yüz metr­dən biri qarşına çıxır. Bunları kim edir, nəyə görə edir, bilən yoxdur. Təbii ki, əksəriyyəti məqsədlidir.

Hər ticarət obyektinin, köşkün qar­şısında, bazarda, kababxanaların ya­nında şəhid portretlərinin vurulması yolverilməzdir. Bunlara bir nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Ra­zılaşın ki, şəhid təkcə bir atanın, ana­nın deyil, həm də Vətənin övladıdır, Vətənin şəhididir, hamımızındır! Ona görə də qayğısına dövlət qalırsa, digər vacib məqamlara da qarışa bilər, məs­ləhət, tövsiyə verər.

Bakı istiqamətindən Gəncəyə daxil olarkən hər kəsi şəhid portretləri qarşı­layır. Ucu-bucağı görünmür. Hamısı da eyni ölçüdə, nəfis şəkildə. Gəncədən çıxarkən də hamını şəhidlər, Gəncə şəhidləri “yola salır”. Əslində, şəhərin icra strukturları bu məqamı yaxşı fikir­ləşiblər, münasib yer seçiblər.

Qazilərə nə qədər hörmət- izzət­lə yanaşsaq da onların bəzilərinin ya özləri, ya da adlarından istifadə edən tanışları, dostları, yaxud heç tanıma­dıqları adamlar öz niyyətlərini həyata keçirmək üçün bir çox hallarda yazıda qeyd etdiyimiz hallara yol verirlər ki, bu da heç bir mənəvi-əxlaqi normalara sığmır.

Gəncə Şəhər İcra Hakimiyyətini, onun ayrı-ayrı strukturlarının başçıla­rını, hüquq-mühafizə orqanlarını, elə şəhərin rəhbəri Niyazi Bayramovun özünü bu və ya digər məsələlərin ləng həll olunmasına görə, dəxli oldu–olma­dı tənqid etmək, irad bildirmək müm­kündür. Amma şəhid və qazi adı olan yerdə “qayğı göstərmirlər, diqqət ye­tirmirlər, köməklik etmirlər” və sair bu kimi sözləri ora əlavə etmək, yanaşı çəkmək, yumşaq desəm, ən azı insaf­sızlıqdır. İstər Qarabağ bölgəsində hə­lak olan Gəncə şəhidləri, istərsə də er­məni terrorçularının 2020-ci ilin oktyabr ayında şəhəri 5 dəfə raket atəşinə tu­tarkən həlak olanların ailələrinə diqqət, qayğı hamının gözü qabağında olub. Elə şəhid ailəsi ola bilməz ki, şəhər rəhbərləri onu bir neçə dəfə ziyarət et­məsinlər. Qazilər də onlar kimi. 

Bütün bunlar sevindirir. Bir daha sübut olunur ki, biz torpaqlarımız uğ­runda qanını axıdanları, “İlhamla irəli!” deyib Xankəndiyə kimi gəlib çıxanları unutmuruq və heç vaxt unuda bilmərik. Sadəcə bu adları göz bəbəyimiz kimi qorumalıyıq, onların müqəddəsliyinə səcdə etməliyik. Bir də elə etməliyik ki, adlar xırdalanmasın, işbazların əlinə keçməsin. Bu işdə ictimaiyyət də fəal olmalıdır. Gəncə Dövlət Kukla Teatrı­nın baş rejissoru Elşad Məmmədov­la bu mövzuda söhbət edərkən yaxşı dedi ki, “Vətənə xidmətə görə xalqa minnət qoymaq olmaz.” Sonra da mər­hum şairimiz Rübailin bu misralarını astadan söylədi:

Çinarın hər şeydən gözləri toxdur,

Əkib becərənlər ondan nə dərdi.

Kim deyir çinarın meyvəsi yoxdu,

Onun meyvələri gəncəlilərdi!

Qazi, Suqovuşanın azad olunma­sında xüsusi fəallığı ilə seçilmiş və yaralanmış, sinəsini dövlət başçımızın təltif etdiyi medallar bəzəyən Elşad Məmmədov haqlı olaraq qazi və şəhid­lərimizi çinara bənzətdi və onları gözü­tox adlandırdı...Zənnimcə, əlavə sözə ehtiyac yoxdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat