Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və “Rabitəbank”ın yaranmasının 30 illiyi münasibətilə 30 ucqar kənd məktəbində “Kitab Gəzər” təşkilatının dəstəyi ilə kitabxana yaradılıb.
Uşaqların yaş kateqoriyasına uyğun seçilmiş kitablardan ibarət yeni kitabxanalar qurmaqda əsas məqsəd məktəblilərdə mütaliəyə sevgi və vərdişi artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.
***
Sənətini Türkiyədə davam etdirən Azərbaycan əsilli aktrisa Natavan Gümet Türkiyənin nüfuzlu “Beyaz Yakamoz Ödülleri”ndə mükafat qazanıb.
Aktrisa bu mükafatı “Təhminə və Zaur” serialındakı “Təhminə” obrazına görə alıb. Qeyd edək ki, kino, televiziya, musiqi, idman və iş dünyasının nəbzini tutan “Community Media” ailəsinin mükafat təşkilatlarından biri olan “Beyaz Yakamoz Ödülleri” mərasimi Anıl Budak, Eray Aksoy və Hakan Elkılıçın başçılığı ilə MBA Məktəblərinin Ataşehir Kampusunda təşkil edilib. Natavan Gümet isə “Ən Yaxşı Serial Performansı Mükafatı”na layiq görülüb.
***
Abşeron rayonunda “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı keçirilib.
Azərbaycan çempionu, Silahlı Qüvvələrin baş leytenantı, şəhid Muxtar Qasımlının məktəb illəri, idmanda qazandığı uğurlar, iş həyatı, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq filmin süjet xəttini təşkil edir. Rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatında şəhidin valideyinləri Əli Qasımov və Almaz Qasımova, şəhid ailələri, qazilər iştirak ediblər. İgid zabit Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və medallarla təltif edilib.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”