“Varlı qadın” Bakıda

post-img

Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərində olublar.

“Aktyor Evi” ndə yazıçı, dramaturq Əli Əmirlinin “Varlı Qadın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. 

Əsərin birinci hissəsində Həvva adında maddi ehtiyacın məngənəsində sıxılan, deyingən, davakar, özünə qadın kimi baxmağa həvəsi olmayan bir qadın obrazı görürük. Növbəti səhnələrdə isə çarəsiz, əli hər yerdən üzülmüş Həvva Almaniyada rəhmətə getmiş qohumu Bibixanım Zərlinskayanın ona böyük sərvət vəsiyyət etdiyini biləndə tamam dəyişir. Aciz, köməksiz qadın hökmlü bir qadına çevrilir. O indi Həvva yox, Yeva Zərlinskayadır. 

"Varlı qadın" pyesi Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında və Vohidov adına Tacikstan Dövlət Gənclər Teatrında tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almaatada keçirilmiş Yaxın Şərq ölkələrinin ll Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın" 2009-cu ildə Qırğızıstanın paytaxtında A.Umuraliyev adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. 

Rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor işi, baxımlı aktyor oyunu ilə seçilən səhnə əsəri auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tamaşanın rejissoru Xalq artisti Valeh Kərimovdur.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”





Mədəniyyət