“Kukla teatrları həftəsi” uğurla başa çatdı

post-img

Mədəniyyət Nazirliyinin dəstəyi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunmuş “Kukla teatrları həftəsi” uğurla başa çatdı.

Bağlanış mərasimində Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu möhtəşəm ideyanın reallaşmasına dəstək olan Mədəniyyət Nazirliyinə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirdi.

Bu layihənin həyata keçirilməsi ilə Bakı və ətraf rayonlarda fəaliyyət göstərən teatrlar arasında yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi  qarşıdakı illərdə də teatrlar arasında sıx əməkdaşlığın qurulacağına sonsuz inam yarandı. Növbəti mərhələdə də  layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislər ilə yanaşı digər teatrların da dəvət olunacağı bildirildi.

Mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri – Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzər Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirak etməkdən məmnun olduqlarını ifadə etdilər və bu kimi görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini vurğuladılar.

Tədbir proqramına uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının təqdimatında “Qar kraliçası” tamaşası nümayiş etdirildi. Sonra, teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng musiqi nömrələri  səsləndirildi.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”













Mədəniyyət