Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar

post-img

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxış edərək, deyib ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və oradakı nitqi bizimçün bir örnək təşkil edir. Həmin nitq bundan sonrakı fəaliyyətimizin proqramı, yol xəritəsi xarakterindədir.

O bildirib ki, Qərbi Azərbaycandakı böyük  mədəni irsimiz birdən-birə formalaşmayıb, Aşıq Alı, Aşıq Ələsgər kimi dühaların yetişməsi üçün, dağıdılan İrəvan karvansaraları, məscidlərimiz, məzarlıqlardakı qoç abidələrimiz və s. üçün mühit, ənənə, mədəniyyət yaradcılığı, sənət potensialı olmalıydı, bir sözlə, bəlli mədəniyyət iqlimi mövcud olmalıydı.

Biz, bu il 100 illik əlamətdar yubileyini qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevi minnətdarlıqla xatırlayırıq. Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı, Heydər Əliyev imzasını daşıyan digər müvafiq sənədlər vaxtı ilə ölkə ictimaiyyətinin, beynəlxalq qurumların diqqətini Qərbi Azərbaycan mövzusuna, o cümlədən o torpaqlarda əcdadımızın yaratmış olduğu mədəni irsə yönəltmişdir: “Dövlət başçımızın Qərbi Azərbaycana qayıdışla bağlı irəli sürdüyü və bu il yanvarın 26-da elan olunaraq, ictimailəşdirilmiş müvafiq konsepsiya mövcuddur. Habelə Konstitusiyamızda, müvafiq qanunlarda, qoşulduğumuz beynəlxalq konvensiyalarda, ümumən beynəlxalq hüquq normalarında əks olunmuş müddəalar bizim söykəndiyimiz əsas hüquqi bazadır. Bununla belə, Prezidentin 24 dekabrdakı çıxışından, 26 yanvarda qəbul edilmiş konsepsiyadan çıxan məzmun var. Biz xalq ruhunun  cəsarətinə, yeni reallıqlara, yeni dünya düzəninə, ictimai-siyasi, sosial-iqtisadi və digər  əməli fəaliyyət sahələri üzrə beynəlxalq çağırşlara, trendlərə də biganə deyilik. Biz yaxşı bilirik ki, tarixi-mədəni hüdudlarımız respublikamızın hüdudlarında bitmir, bundan qat-qat böyükdür. Ayrıca, 30 il işğalçılıq siyasəti yeridərək, 9 şəhər, 300 kəndimizi viran etmiş Ermənistan Respublikası həm bu, həm də indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə, qəbristanlıqlarımıza qarşı vandallıqlarının bədəlini ödəməli, tarix, insanlıq və hüquq qarşısında cavab verməlidir. Yəni hər kəs bilməlidir ki, qarışımızdakı terrorçuluq, işğalçılıq və vandallığı, separatçılığa dəstəyi dövlət siyasətinə çevrimiş bir “dövlət”dir və onun daşımalı olduğu məsuliyyət, cavab verməli olduğu suallar vardır”.   

Komitə sədri, həmçinin bildirib ki, biz daha çox, konsepsiyadan ötən 5 ay, Prezidentin proqram xarakterli çıxışından ötən 6 aya yaxın müddətdə görülmüş işlər, problemlər, uğurlar haqqında danışmalıyıq. Məsələn, sənədli TV filimlərinin hazırlanması, bütün milli media orqanlarımızda “Qərbi Azərbaycan” daimi rubrikalarının yaradılması, yaradıcılıq ittifaqlarının ayrı-ayrılıqda və birgə gördüyü, yaxud görməli olduğu işlərdən danışa bilərik. Problemləri də, uğurlu təcrübələri də səmimi şəkildə bölüşməliyik. Gəlin görək, beynəlxalq aləmə çıxara biləcəyimiz filmimiz, tamaşamız, rəsm əsərimiz yaranıbmı, yaxud bu istiqamətdə hansı başqa təsirli işlər görülür? Məsələn, İrəvan Dövlət Teatrının repertuarı necə tematik zənginliyə qovuşa bilər, teatr necə beynəlxalq festivallarda sənətin zərif gücü ilə həqiqətlərimizi çatdıra bilər, yaxud çatdırır? Aşıq Ələsgərin heykəlinin ucaldılması ilə bağlı cənab Prezidentin Sərəncamının icrası barədə məlumatlar cəmiyyətimiz üçün xüsusi maraq kəsb edir. “Virtual Göyçə”, “virtual Zəngəzur”, “virtual İrəvan”, ümumən “virtual Qərbi Azərbaycan” layihələrinin icra olunub-olunmaması barədə danışa bilərik. Məsələn, Yazıçılar, Bəstəkarlar, Rəssamlar, Teatr Xadimləri, Aşıqlar, Jurnalistlər və b. yaradıcılıq birliklərinin birgə müsabiqələri, nəşrlər, sərgilər planlaşdırılırmı? Orta, ali məktəb proqramlarına Qərbi Azərbaycandakı abidələrimizlə bağlı, onların gələcək nəsillərə plan-proqramlı çatdırılması yönündə nə kimi sonuclara vara bilmişik?

Qərbi Azərbaycan İcmasının rəhbəri, Mədəniyyət komitəsinin üzvü, dəyərli alimimiz Əziz Ələkbərli müzakirə etdiyimiz mövzunu  dərindən bilən, bu sahədə kitablar yazmış ziyalıdır. İnanırıq ki, dinləmənin həm məlumatlanma, informasiya, təcrübə  mübadiləsi, həm də yeni imkanların, istəklərin üzə çıxarılması və tətbiqat baxımından qalıcı nəticələri olacaqdır.

Sözlərimi cənab Prezidentin Qərbi Azərbaycan İcmasındakı nitqindən sitatla tamamlamaq istərdim: “Əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mədəniyyət