Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında belə bənd var: “Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması”. Hazırda həmin bəndin icrası məqsədilə hər hansı böhran vəziyyətində (iqtisadi böhran, pandemiya, sel, daşqınlar və s.) aztəminatlı ailələrin və həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması mexanizmi hazırlanır.
Bununla əlaqədar beynəlxalq ekspert və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.
Bildirilib ki, qeyd edilən mexanizmin yaradılması prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyi arasında görüş keçirilib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında da “Sosial Müdafiə və Uşaq müdafiəsi üzrə Birgə Fəaliyyət Planı”na əsasən UNICEF tərəfindən dəvət olunan sahə üzrə ekspert Şarlin Ramkisunun iştirakı ilə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirilmişdi. Görüşlərin nəticəsi olaraq ilkin hesabat sənədi hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdi.
Hazırda keçirilən görüşdə sözügedən mexanizmin hazırlanması istiqamətində atılacaq növbəti addımlara dair aidiyyəti qurumlarla birgə müzakirələr aparılıb.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”