“Bir günəşin altında!”

post-img

Cəfər  Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı “Bir günəşin altında!” adlı tədbir keçirildi. Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə baş tutan  bu tədbirdə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərləri üzrə sərgi nümayiş etdirildi. Tədbir çərçivəsində iştirakçılar müxtəlif janrlarda musiqi nömrələri ilə də çıxış etdilər. Həmçinin onlara muzey tərəfindən təşəkkürnamə və hədiyyələr  təqdim edildi. 

Sərgidə əl işləri nümayiş etdirilən Şamxal Xələflinin anası Zəhra Xələfova fikirlərini “Xalq qəzeti” ilə bölüşdü. Bildirdi ki, sərgidə uşaqların muncuq və digər aksessuarlarlardan düzəltdikləri əl işləri böyük marağa səbəb oldu. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar bədii hissədə də istedadlarını göstərdilər. 

Qeyd edək ki, muzeyə gələn qonaqlar arasında Mediasiya Şurası – Bakı 8 saylı Mediasiya Təşkilatının əməkdaşları da var idi. Onlar sağlamlıq imkanları məhdud uşaqların sərgidə satışa çıxardığı əl işlərinin alınmasında xeyriyyə məqsədilə iştirak etdilər. 
Sonda xatirə şəkilləri çəkdirildi.

Elçin ABBASOV,
“Xalq qəzeti”









Mədəniyyət