Litvada hərbi jurnalist Riçardas Lapaytisin Qarabağla bağlı fotosərgisi açılıb

post-img

Litvanın cənubundakı Lazdiyay şəhərində Qarabağ və onun ətrafındakı yeddi rayona həsr olunmuş “Biz də insanıq” adlı fərdi fotosərgim keçirilib. Mən nə baş verdiyi və Azərbaycan torpaqlarının işğalının nə ilə nəticələndiyi barədə danışdım. Otuz il davam edən və minlərlə günahsız insanın, o cümlədən uşaqlar, qadınlar və qocaların həyatına son qoyan işğal. Sərgidə, həmçinin Qarabağın son “şahzadəsi” – şairə Natəvanın və bir çox digər tarixi şəxsiyyətlərin hekayələri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bunu litvalı hərbi jurnalist Riçardas Lapaytis feysbukdakı rəsmi səhifəsində paylaşıb.

“Bütün dünyanın gözü önündə Azərbaycanın demək olar ki, bütün tarixi və mədəni irsi, eləcə də müqəddəs yerlər məhv edilmişdi. Bu ərazi apokaliptik görünüş alıb: bütün ərazi minalanıb, təbiətə ciddi zərər vurulub, iri şəhərlər, yüzlərlə kənd və yaşayış məntəqələri qəsdən yer üzündən silinib”, - yazıda deyilir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda filtrasiya düşərgələrinin yarandığını qeyd edən Riçardas Lapaytis yazır: “Azərbaycanlılar əsirlikdə əsl əzab və həqarət cəhənnəmindən keçiblər. Mən bir atış məsafəsində yaşayan azərbaycanlı qaçqınların həyatı haqqında da bəhs etmişəm”.

Litvalı jurnalist sərgisi çərçivəsində azərbaycanlı qaçqın uşaqlara xüsusi diqqət yetirir. “Bir çox şəkillər mənim yazılarımdan götürülüb. Tamaşaçılar çox təsirlənmişdi. Onlar nadir hallarda müharibə haqqında belə “sərf etməyən" həqiqəti görür və eşidirlər”, - deyə o bildirib.

Riçardas Lapaytisin sözlərinə görə, maraqlanan insanlar bir ay ərzində sərgini ziyarət edə bilərlər. “Ümid edirəm ki, mənim hekayəm, fotoşəkillər, hərbi jurnalist kimi şəxsi təcrübəm insanlara bir çox avropalı üçün mürəkkəb olan Qarabağ münaqişəsinə aydınlıq gətirməyə kömək edəcək. Bu sərgi Qarabağa həsr olunmuş jurnalist fəaliyyətimin yalnız başlanğıcıdır. Ədalətsizliyi gördükdə susmayın. Susmaq - şərin tərəfində olmaq deməkdir!”, - deyə paylaşımın müəllifi sonda yazıb.

Mədəniyyət