İncəsənətə təzə ruh verən teatrlarımız

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilmiş Teatr Forumunda səsləndirilən fikirlər zaman keçdikcə öz bəhrəsini verməkdədir. Naxçıvanda fəaliyyət göstərən, yeni müstəqil teatr olan “Yeni era” teatrı buna əyani sübutdur. Həm uşaqlar, həm də gənc tamaşaçılar üçün müxtəlif janrda tamaşalar hazırlayan teatr 26 aprel 2023-cü ildən fəaliyyətə başlayıb. 

Bunu teatrın direktoru, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Səyyad Məmmədov Xalq qəzetinə açıqlamasında deyib. O, həmçinin teatrda göstəriləcək tamaşalar və qiymətlər haqqında da məlumat verib.

“İlk işimizi may ayının sonu və iyunun ilk həftəsinə planlayırıq. Teatr səhnəsində qoyulacaq ilk tamaşa Əli Əmirlinin “Bala, bəla sözündəndir” pyesinin motivləri əsasında hazırlanan “Bala, başa bəla” olacaq. İyun ayına isə balaca dostlarımız üçün interaktiv uşaq tamaşaları, şou-konsertlər və monotamaşalardan ibarət repertuar planı hazırlanır. İlkin olaraq, xalq nağılları və uşaqların sevdiyi cizgi filmlərinin səhnəyə gətirilməsi nəzərdə tutulur. Biletlərin qiyməti böyüklər üçün beş manatdır. Tamaşadan əlavə hədiyyəli şou-proqram təşkil olunduğuna görə uşaqlar üçün biletin qiyməti beş-on beş manat nəzərdə tutulur”.

Qeyd edək ki, teatrda ayda bir dəfə olmaqla şəhid və qazi ailələrinin övladları üçün pulsuz tamaşalar da təşkil olunacaq.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Mədəniyyət