Nobel qardaşlarının ev muzeyi – tarixi yaşadan ünvan

post-img

Bakıda keçirilən saysız-hesabsız beynəlxalq tədbirlərə qatılan xarici iştirakçılardan paytaxtımız haqqında təəssüratlarını soruşanda, ilk növbədə qədimlik və müasirliyin harmoniyasından vəcdə gəldiklərini qeyd edirlər. Ötən ayın son günlərində Formula 1 yarışları, həmçinin bu günlər davam edən beynəlxalq səviyyəli mədəniyyət, idman tədbirlərinin iştirakçıları müasir görünüşü ilə hər kəsi heyran edən şəhərimizin qədim abidələri, muzeyləri ilə də tanış olmağa can atırlar. Bakının Xətai rayonunda yerləşən və əsası 1882-ci ildə qoyulmuş Nobel qardaşlarının ev muzeyi bu baxımdan xüsusilə cəlbedicidir. Dünya şöhrətli Nobel qardaşlarının ev muzeyini ziyarət edən ingiltərəli turist Albert Allenin “Muzeylə tanışlıq qədim Bakı ilə bağlı da zəngin təəssürat yaratdı” sözlərini xatırlayıram. Əslində, elə özümüz də xarici ölkələrdə olarkən ilk növbədə muzeylər və abidələrlə tanışlığa üstünlük veririk. Çox zaman isə doğma şəhərimizdəki tarixi yaddaşımızı əks etdirən abidələrdən xəbərsiz qalırıq.  

Gözəl yaz günlərinin birində Nobel qardaşlarının ev muzeyi ilə bağlı reportaj hazırlamağımızın səbəbi də oxucularımızı bu gözəl tarixi məkanla yaxından tanış etməkdir. 8 Noyabr prospekti, 57/2 ünvanında yerləşən ikimərtəbəli, altı otaqdan ibarət binaya daxil olan kimi XIX-XX əsrlərin abu-havası duyulur. Bu məkanda neft maqnatlarının yaşayış tərzi, onların iş dünyası ilə ilə bağlı təsəvvür yaranır. Qapının girəcəyində qədim sandıq və böyük şamdanlar diqqətimizi cəlb edir. Sandığın içərisində çox vaxt piknikdə istifadə edilən iki balaca çaynik yerləşir. Ağ nöyütlə işlədiyindən onlarda rahat şəkildə çay və kofe hazırlamaq mümkün olub. Ev sahibinə məxsus royal və o zaman işlənən qədim əşyalar, eyni zamanda Azərbaycan xalçaçılığının qədim nümunələri maraq doğuran eksponatlar arasındadır. Neft maqnatlarının yaşadığı bu bina 1884-cü ildə tikilib. 2008-ci ildən muzey kimi fəaliyyət göstərir. Sadə Avropa üslubunda formalaşdırılan, bir otağı Şərq üslubunda dizayn edilən binanın birinci mərtəbəsində yerləşir. 

Muzeyin direktoru Fuad Qasımov İsveçdən kənarda qardaşların yeganə ev muzeyi olan bu məkana xarici turistlərin daha çox gəldiklərini deyir: “Şəhərimizdə hər hansı böyük tədbirlər keçirilən zaman qonaqlar, eyni zamanda avropalı turistlər muzeyimizi ziyarət edirlər. Az da olsa yerli sakinlər də muzeyə baxmağa gəlirlər. İstərdik ki, şəhərimizin sakinləri, həmçinin bölgələrdən insanlar gəlib bu maraqlı muzeylə tanış olsunlar”. 

Muzeyin ziyarətçilərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və Azərbaycan Turizm və Menecment universitetlərinin kollektivləri ilə görüşüb söhbət etdik. Mədəniyyət və İncəsənət universitetinin kultorologiya fakültəsinin Muzeysunaslig kafedrasının baş müəllimi Afət Allahverdiyeva muzeydə sərgilənən əşyaların yarısının Nobel ailəsinə, digər yarısının isə bolşevik istilası zamanı varlı şəxslərə məxsus olduğunu deyir. O qeyd etdi ki, bu əşyaların bəziləri müxtəlif dövrlərdə auksionda satışa çıxarılıb və muzeyə hədiyyə olunub. Digər əşyaları isə Nobel ailəsinin varisləri  muzeyə təqdim ediblər. 

Siyasi elmlər doktoru, professor Toğrul Bağırov 2003-cü ildə Nobel qardaşlarının varislərini birləşdirən Nobel Ailələri Cəmiyyəti ilə birgə Bakı Nobel İrsi Fondunu (BNİF) yaradıb. Stokholmda Nobel Fondunda qeydiyyatdan keçmiş bu təşkilat maarifçiliklə məşğul olur və texnologiya innovasiyaları, elm, mədəniyyət və təhsil sahəsində Nobel layihələri reallaşdırır.

Nobel qardaşlarının tarixi irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə Toğrul Bağırov İsveç Krallığı tərəfindən "Royal Polar Star" (Qütb ulduzu) ordeni ilə təltif olunub.

Fidan HÜQUQQIZI,

 “Xalq qəzeti”

















Mədəniyyət