“M Teatr” ın (Mənim teatrım) səhnəsində məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şəhzadə” povesti əsasında hazırlanmış “O mənimdir” adlı tamaşa göstərilib.
Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla - Balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı biri olur. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla - qoca Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır.
Nəhayət, şahzadə Yer planetində naməlum təyyarəçi ilə tanış olur. Uzaq diyarlarda gördüklərini, eşitdiklərini onunla bölüşür və doğma planetinə geri qayıdır. Təyyarəçi şahzadənin dərin və mənalı söhbətlərini dinlədikcə, onun müqəddəs ilahi gücə və iradəyə sahib olduğunu anlayır.
Sonda təyyarəçi bu vaxta qədər ona naməlum olan həqiqətləri dərk edir və üzləşdiyi çətinliklərə rəğmən təyyarəsini düzəldir, doğmalarının və sevdiklərinin yanına qayıdır...
Xatırladaq ki, fransalı yazıçının əsas peşəsi təyyarəçilik olub. Müəllifin bu əsəri məhz şəxsi həyat yolu əsasında yaranıb.
Qeyd edək ki, tamaşanın rejissoru Gümrah Ömər, geyim rəssamı Leyla Əliyevadır.
Rolları gənc aktyorlar Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elnur Tağıyev, Elçin Əmirov ve Tunar Əlizadə ifa edirlər.
Fidan HÜQUQQIZI,
Elşən AĞALAR (foto), “Xalq qəzeti”

