Akif Marifli: Uşaq Kitab Festivalı hər il davam edəcək

post-img

Mədəniyyət Nazirliyi ölkədə kitab üzərində siyasəti həyata keçirən birinci orqan kimi kitaba, mütaliəyə olan marağı daim diqqətdə saxlayır. Bu gün “Azərbaycan Naşirləri Assosiasiyası” İctimai Birliyi tərəfindən keçirilən 2-ci Uşaq Kitab Festivalı da məhz Mədəniyyət Nazirliyinin və digər dövlət qurumlarının dəstəyi nəticəsində ərsəyə gəlib. Burada məqsəd uşaqlarda daha kiçik yaşlardan mütaliəyə marağı, kitaba sevgini formalaşdırmaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli deyib.

“Bu festival hər il davam edəcək. Bu sərginin əhəmiyyəti ondadır ki, burada uşaqların daha kiçik yaşdan sosial şəbəkələrə olan bağlılıqdan ayrılaraq mütaliə mədəniyyətinə yiyələnmələri üçün geniş imkanlar var. Uşaqlarımızın savadlı və vətənpərvər olması millətimizin işıqlı gələcəyi üçün vacib amillərdəndir. Bu da kitaba olan bağlılıqdan keçir. Kitaba sevgi hər zaman olmalıdır və bu cür kitab təbliğatları daim aparılmalıdır. Ölkəmizdə belə bir festival təşkil etməklə uşaqlarımızın kitaba olan marağını daha da artırmış oluruq”, - deyə A.Marifli vurğulayıb.

Mədəniyyət