Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində 1250 eksponat bərpa olunaraq təhvil verilib

post-img

Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində rayon və şəhər muzeylərinə məxsus 1250 ədəd eksponatın bərpa prosesi həyata keçirilərək təhvil verilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq mərkəzdən bildirilib.

Qeyd edilib ki, bərpa olunan eksponatların müəyyən hissəsi ötən illərdə Mərkəzə qəbul edilib. Mərkəz tərəfindən ilin əvvəlindən bu günədək 134 eksponat qəbul olunub ki, onlardan da 74-ü yerində (Göygöldə V.Klaynın ev-muzeyində) bərpa edilib. Eksponatlar Mərkəzə əsasən Azərbaycan Milli İncəsənət Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, M.F.Axundzadənin ev-muzeyi (Şəki), Azərbaycan İstiqlal Muzeyi, Bərdə Rəsm Qalereyası, Göygöldə V.Klaynın ev-muzeyi, Azərbaycan Dövlət Film Fondu, Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kənd filialı, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, C.Cabbarlının ev-muzeyindən (Xızı) daxil olub.

Xatırladaq ki, Mərkəz respublikanın 225-dən çox aparıcı, ev, rayon tarix–diyarşünaslıq muzey müəssisələri üçün bərpa xidməti göstərir. Yarandığı gündən bu günədək Mərkəz 28 minə yaxın müxtəlif növ muzey əşyasının bərpa və konservasiyasını həyata keçirib. Bunların sırasına tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar daxildir.

Qeyd edək ki, Mərkəzin başlıca vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan məmulatların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.

Mədəniyyət