Azərbaycanlı skripkaçı Nyu-York səhnəsində

post-img

Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzinin “Weill” konsert salonunda keçirilən VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konsertində Çexiyada təhsil alan soydaşımız, istedadlı gənc skripkaçı Canel Nəcəfli də iştirak edib.


“Florida Keys” müsabiqəsində ikinci yer tutduğu üçün qala-konsertdə çıxış etməyə dəvət olunan azərbaycanlı gənc musiqiçi məşhur “Weill” salonunun səhnəsində görkəmli bəstəkarımız Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib. 20 yaşlı həmyerlimiz Canel Nəcəfli bundan əvvəl Gənclər və İdman Nazirliyi tərəfindən “2023-cü ilin gənci” mükafatına layiq görülüb, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış edib. 
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində işğaldan azad edilmiş Şuşanı ziyarət edən ifaçı həyatda ən böyük arzusuna çatıb. O, Şuşa qalasının qarşısında “Sarı gəlin”, Cıdır düzündə isə “Ay Laçın” xalq mahnılarını skripkada ifa edib.


“Xalq qəzeti”

Mədəniyyət