90 nəfərlik 20 ailə doğma Talışa qayıtdı

post-img

Dünən Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi yola salındı.


Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri yolasalma mərasimində iştirak ediblər.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
İndiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailəni əhatə edən 90 nəfər 30 ildən sonra doğma yurda qayıdıb. Talış kəndində də evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. 
Doğma yurda köçürülmə davam etdiriləcək.


“Xalq qəzeti”

talis-2.JPG

Sosial həyat