Ağdamda  Azərbaycan–BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilib

post-img

BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib. 


Toplantıda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident ­Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak ediblər.
Ötən il Şuşada təşkil edilmiş Azərbaycan–BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının davamı olaraq keçirilən tədbirdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, oraya əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib. Bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə postböhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Azərbaycan Respublikasında BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində davamlı işlər aparılmaqdadır. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən əsaslı bərpa və yenidənqurma layihələri həmin səylərin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz inkişaf məqsədlərinə ilk növbədə daxili potensial və imkanlardan, eyni zamanda, çoxtərəfli beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə etməklə nail olmaqdadır. Bu əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələri, o cümlədən ətraf mühitin qorunması, səhiyyə, kənd təsərrüfatının inkişafı və digər məsələləri əhatə edir. Eyni zamanda, Azərbaycan üçün əsas prioritetlərdən olan Böyük qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi davamlılıq, humanitar minatəmizləmə, ərazilərin sosial-iqtisadi reinteqrasiyası məsələlərinin dünyada mövcud olan təcrübənin nəzərə alınması ilə təşkili önəmlidir.     
Azərbaycan Respublikasının sözügedən istiqamətlərdə bu günədək həyata keçirdiyi tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bir neçə aparıcı beynəlxalq təşkilat, o cümlədən BMT tərəfindən bərpa və yenidənqurma işlərinin ilkin mərhələsi müsbət qarşılanıb. Yaxın gələcəkdə bu istiqamətdə müvafiq ərazilərdə əməkdaşlığın genişləndirilməsi gözlənilir. 
Tədbirin yekununda “Heydər ­Əliyev İli” çərçivəsində Ağdam şəhərində ­ağacəkmə aksiyası keçirilib.


***


Birləşmiş Millətlər Təşkilatının nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna da səfər etmişlər.
BMT-nin nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi və hazırda bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Qonaqlar sonra azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.


“Xalq qəzeti”

Son xəbərlər