Akif Səməd bizi niyə ağlatmışdı?..

post-img

 ... On illər əvvəlin söhbətidir. Qar elə sürətlə yağırdı ki, hərəkətin sıx olduğu teleşirkətin həyətində də izlər tez yox olurdu. Akif elə asta-asta gəlirdi ki, sanki, bütün buludlar onun çiynində idi. Amma çiynində olan bir ovuc qar idi. Qar onun lopa bığı kimi çal papağını da ağartmışdı. O, qar üstündə adladıqca, sanki, hansısa kədərli, həzin simfoniyanın sonuna yaxın astadan və seyrək vurulan zərb alətlərinin səslərini eşidirdim: Xı-rıp... xı-rıp...

Maraqla baxdığımı görüb gülümsün­dü: 

– Aya, adamın 15 il əvvəlki vaxtı ola, ya da bir az sağlamlığı, nə yaxşı gəzməli havadır. Bakıda belə küləksiz günlər az-az olur. 

… Kimsə Mövlud Süleymanlıdan xa­hiş etmişdi ki, Akifi işə götürsün. Mövlud müəllim də Akif üçün ölkə üzrə folklor nümunələri toplayan müxbir ştatı yarat­mışdı. Radioda o vaxta qədər belə ştat olmamışdı. Yeri gəlmişkən, radiodakı publisistika şöbəsi də konkret ünvanlı – bilavasitə Qulu Ağsəs üçün yaradılmışdı və Mövlud müəllim o ilkə də imza atmış­dı. 

… Söhbət doxsanıncı illərin birinci ya­rısından gedir. Bir dəfə “Səhər” verilişini lentə yazdırmaq üçün studiyaya getdim. Operatorun otağına girəndə Akifin səsini eşitdim. Lənkəran tərəfdən qayıtmışdı və topladığı folklor nümunələrindən ibarət veriliş hazırlanırdı. Mənim üçün çox ma­raqlı idi. Operatorun yanında oturub qu­laq asmağa başladım. Həm bayatıların kövrəkliyi, həm Akifin Qazax ləhcəsinin şirinliyindən əl çəkə bilməməsi, həm onun üz-gözündən xəstəliyinin ağırlığının oxunması, həm də mənim əsəb sistemi­min o qədər də güclü olmaması səbəbin­dən…

Hiss etdim ki, kövrəlirəm. Operator qız (Allah onun şəhid qardaşına rəhmət eləsin!) mənim kövrəldiyimi görməsin deyə, üzümü yana çevirmək istədim. Yana çevriləndə gördüm ki, rəhmətlik Şəmşad Rza hıçqıraraq ağlayır. Mən operator otağında oturub studiyadan gələn səsə necə aludə olmuşdumsa, Şəmşadın otağa daxil olduğunu hiss et­məmişdim. 

… Akif hər dəfə mənə “qağa” deyə müraciət edirdi. Elə bilirdim ki, yaşca bö­yük olduğumu nəzərə alır. Bir dəfə dedim ki, Akif, bizim elə də böyük yaş fərqimiz yoxdur (mən ondan yeddi yaş böyüyəm), adımı deyə bilərsən.

“Aya, sənin adın admıdır ki, onu da deyə biləm?” – dedi və dərhal da güldü ki, inciməyim. 

Akif də, Şəmşad da çoxdandır ki, Haqq dünyasındadırlar. Halal söz adam­ları onsuz da cənnətlik olurlar. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin!

… Ötən il Şuşada keçirilən Vaqif po­eziya günlərində Akifin oğlunun da şeir oxuduğunu gördüm. Allaha şükür!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Mədəniyyət