Xəyal Rzanın “Maya”sı təqdim edildi

post-img

“Nizami” Kino Mərkəzində Xəyal Rzanın ssenari müəllifi və rejissoru olduğu “Maya” sənədli filminə baxış keçirilib. Film həyatından Birinci və İkinci Qarabağ müharibəsi keçən şəhid anası Maya Quliyevanın taleyindən bəhs edir. Onun həyat dramının, üşüyən arzularının, dəyişən qədərinin bir səbəbkarı var: müharibə. 

Otuz illik bir işğalın yaşatdığı 36 dəqiqəyə sığışdıran film – ”Maya” tə­sirli, ağrılı, qürurlu və uğurlu film kimi seyrçilərin dərin marağına səbəb oldu. Ustadın kinomuzun canlı əfsanəsi Ok­tay Mir Qasım olduğu Xəyal Rzanın bu filmdə əsas məqsədinə çatıb, - desək yanılmarıq. İdeya uğurlu həllini tapıb. Filmə baxan hər kəs müharibəni və onu törədənləri lənətləyir. Həyəcanlı anlar o qədər çoxdur ki, dəqiqələrin necə keç­diyini bilmirsən. 

Uğurlu baxışdan sonra müsahibləri­miz öz tamaşaçı reaksiyarı ilə bu fikirdə olduqlarını bildirdilər.

Əyyub Qiyas:

– Xəyal Rza bir azərbaycanlı qa­dının faciəsi ilə məhdudlaşdırmayıb öz filmini. Burada bütün müharibələrin bədbəxt etdiyi qadınların, anaların, qız­ların faciəsi var. Mən Xəyalı şair kimi, yazıçı kimi, bütövlükdə ədəbiyyat ada­mı kimi tanıyıram, qəbul edirəm, amma kino sahəsində də parlaya bilər. “Maya” bunu göstərdi. Xəyal Rzanın uğuru ob­yekti və subyekti doğru tapmağında, ortaya insan obrazı qoya bilməyindədir. Film sənədli janrda təqdim edilir, amma Xəyalın obrazı o qədər bədii, o qədər dolğundur ki, bəzən hər şeyin “oyun” olduğunu düşünürsən. “Maya” şəhid anaların ağrısına məlhəmdir!

Bir sözlə, ssenri müəllifi və rejis­sor Xəyal Rza 44 günlük müharibədə ermənilərin “Azərbaycan Ordusunda ərəblər vuruşur” iftirasına “Maya”, boy­da bir şillə vurdu. 

İlham Əzizov:

– “O mənim nişanlım idi, o mənim sevgilim idi”. Bunu öz şəhid övladı haqqında Maya ana deyir. Mən müha­ribə haqqında belə təsiredici heç bə­dii film də görməmişəm. Əsas məsələ müəllif yanaşmasındadır. Müəllif yazı­çıdır, şairdir, o, dərdin harda olduğunu, kədərin hardan əsdiyini bilib, yaradıb. Uğurlar olsun!

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Mədəniyyət