Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar AMM tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır.
Bununla əlaqədar müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edilib.
Bildiyimiz kimi TÜRKSOY tərəfindən 2023-cü il “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bununla bağlı eyni adlı nominasiya müsabiqədə yer alıb və bu nominasiya üzrə Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
Bundan başqa Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan azad olunmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə üstünlük veriləcək.
Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə məqalələr, televiziya verilişləri, sənədli filmlər, tərcümə əsərləri, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan “Mediatur”da iştirak etmək imkanı əldə edəcəklər.
AMM-nin təşkilatçılığı ilə keçirilən bu “Mediatur” zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakıda və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olur, çəkilişlər aparır, məqalələr hazırlayırlar.
Qulu Kəngərli, Daşkənd