Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən Kahramanmaraşda yerləşən daha üç müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.