Geoloqlar qədim Çin sivilizasiyasının süqut səbəbini müəyyənləşdiriblər

post-img

Uzun illər alimlər üçün son Neolit – erkən Tunc dövründə Yantszı çayının orta axarında çiçəklənmiş Şitszyaxe (Shijiahe) mədəniyyətinin niyə yoxa çıxması sirr olaraq qalırdı. Yeni araşdırmanın nəticələri bu suala nəhayət ki, aydınlıq gətirib.

Təxminən 4600 il əvvəl indiki Çin Xubey və Xunan əyalətləri ərazisində inkişaf etmiş Şitszyaxe mədəniyyəti formalaşmışdı. Bu sivilizasiyanın nümayəndələri saraylar inşa edir, mürəkkəb su təchizatı sistemləri qurur, iri, möhkəmləndirilmiş yaşayış məskənləri salır, düyü əkinçiliyi ilə məşğul olur, nefrit və keramika məmulatları hazırlayırdılar. Lakin təxminən e.ə. 2000-ci illərdə Şitszyaxe mədəniyyəti tənəzzülə uğrayaraq tarix səhnəsindən silindi.

Bu mədəniyyətin süqut səbəbləri indiyədək dəqiq məlum deyildi. Bəzi ehtimallara görə, buna şimalda mövcud olan Lunşan mədəniyyəti ilə toqquşmalar, hərbi basqınlar, quraqlıq və ya sosial sarsıntılar səbəb ola bilərdi. Ancaq Oksford Universiteti və Çin Geoloji Elmlər Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat göstərib ki, əsas səbəb genişmiqyaslı daşqınlar olub.

Araşdırmanın nəticələri National Science Reviews jurnalında dərc edilib. Alimlər Yantszı vadisində yerləşən Heşan mağarasından götürülmüş stalagmit nümunəsini tədqiq edərək, 4600–3500 il əvvəli əhatə edən minillik dövr üçün bölgədə yağıntıların xronoloji dəqiq təqvimini bərpa ediblər.

Məlum olduğu kimi, stalagmitlər mağara tavanından damcılayan yağış sularının tərkibindəki mineralların çökərək kalsium karbonat qatları yaratması nəticəsində formalaşır. Bu qatların ardıcıl yığılması illər üzrə yağıntı miqdarını müəyyənləşdirməyə imkan verir. Tədqiqat çərçivəsində Yantszı çayının orta axarında min il ərzində düşən yağıntıları müəyyən etmək üçün ümumilikdə 925 ölçmə aparılıb.

Bərpa edilmiş iqlim mənzərəsi göstərib ki, bu dövrdə vadidə üç quraq mərhələ (illik yağıntı 700 millimetrdən az), iki rütubətli mərhələ isə (illik yağıntı 1000 millimetrdən çox) müşahidə olunub. Quraq dövrlər 40–150 il, rütubətli dövrlər isə müvafiq olaraq 80 və 140 il davam edib.

Alimlər bu nəticələri bölgədə aparılan arxeoloji tapıntılarla müqayisə etdikdə müəyyən ediblər ki, onsuz da çaylar, göllər və bataqlıqlarla zəngin olan ərazidə güclü yağışlar geniş daşqınlara, bataqlıqların artmasına və əhalinin kəskin azalmasına səbəb olub.

Xüsusilə 3950 il əvvəl bölgədə baş verən genişmiqyaslı iqlim və mədəni dəyişikliklər ən uzunmüddətli yağışlı dövrün başlanğıcı ilə üst-üstə düşüb. Həddindən artıq yağıntılar Yantszı vadisinin orta hissəsində göllərin genişlənməsinə, alçaq ərazilərin su altında qalmasına və yaşayışla əkinçilik üçün yararlı torpaqların kəskin azalmasına gətirib çıxarıb.

Görünür, bu iqlim dəyişiklikləri Şitszyaxe mədəniyyəti üçün həlledici olub. Əsrlər boyu insanlar vadidəki yaşayış məskənlərini tərk edərək daha hündür dağətəyi ərazilərə köçüb, boşaldılmış şəhərlər isə tədricən dağılaraq məhv olub.

“Tədqiqat göstərir ki, hətta inkişaf etmiş qədim sivilizasiyalar üçün belə suyun həddindən artıq çoxluğu onun çatışmazlığı qədər təhlükəli ola bilər”, – deyə alimlər vurğulayıblar.

S.ELAY

XQ

Maraqlı