Gülüş yalnız əyləndirməkdirmi?

post-img

Həm də düşünək, daşınaq, istehza hədəfi olmayaq

Hər bir insanın işdən sonra dincəlmək, əylənmək haqqı var. O, bunu müxtəlif vasitələrlə həyata keçirir. Məsələn, təbiətin qoynuna çəkilməklə, musiqi dinləməklə, restorana, əyləncə mərkəzlərinə getməklə, hansısa filmə baxmaqla və sair. Əksər insanlar smartfonlarda əyləncənin müxtəlif növlərini axtarıb tapır, öz maraq dairələrinə uyğun oyunlarla vaxt keçirir.

Bir də var teatr. Qədim dövrlərdən bəri insanlar əylənmək üçün həm də teatra gedirlər. Teatrın faciədən komediyaya keçidi üçün bir neçə əsr lazım gəldi. XV və XIX əsrlər arasında teatr qərbdə komediya və melodrama da daxil olmaqla bir çox alternativ forma aldı. Ümumi meyl yunanların və renessansın poetik dramından və xüsusilə, sənaye inqilabından sonra daha təbii dialoq tərzinə doğru gedirdi. Bu prosesin pioneri fransız dramaturqu Molyer oldu. O, komediya və fransız musiqisini ən təsirli satirik komediyalarını yaratmaq üçün birləşdirərək komediyanın yazılması və göstərilmə formasını dəyişdirən ilk komediyanəvis kimi adını tarixə yazdı. Molyer ən yaxşı komediya yazarlarından biri idi. Bu təsir dalğası bütün Avropanı bürüdü, hətta Şərqə də gəlib çatdı. M. F. Axundzadə özünün komediyalarını yazmaqla Azərbaycan dramaturgiyasının əsasını qoydu.

XX əsrdə də komediya janrı bu ənənələr üzərində inkişaf etdi. Bəs bu gün komediya sənət olaraq hansı mərhələni yaşayır? Çox təəssüf ki, bu günün insanı yüngül, bayağı, efemer xarakterli, vulqar “səhnəcik”lərə meyl etməkdədir. Gülüş mədəniyyəti şit, bəzi hallarda biədəb lətifələrin təzyiqi altında öz mahiyyətini itirir. Sağlam komediya sənətin periferiyasına çəkilib.

Bu gün ən çox baxılan “Komedixana” layihəsidir. Bu layihə haqda müsbət və mənfi fikirlər söyləmək mümkündür. Deyə bilərik ki, bəzi səhnəciklər bayağı, zövqsüz təsiri bağışlayır, lakin “Komedixana”nın böyük tamaşaçı kontingenti var. Bu, reallıqdır. Biz bu kontekstdə aktyorlardan ciddi sənət meyarları, keyfiyyət tələb edə bilərikmi? Əlbəttə, lakin bu tamaşanın öz dəst-xəttindən sapması heç şübhəsiz, reytinq axsamasına gətirib çıxaracaq. “Komedixana” gündəmə hesablanmış səhnəciklər hazırlayır. Tamaşaçı orda gündəlik həyatda rastlaşdığı tragikomik situasiyaları görür. “Komedixana”nın sevilməsinin əsas səbəblərindən biri də budur.

Bir növ, ortaq yaşam komediyası (aktyorlarla tamaşaçılar arasında) öz bəhrəsini verir. Müasir tamaşaçı əyləncənin interaktiv formalarını tərcih edir. Bu tələblərə cavab vermək lazım gəlir. Necə ki, kino kommersiv mühitin ayrılmaz elementinə çevrilib. Bu baxımdan, sırf sənət meyarları ilə işləmək sənətçiyə (ssenaristə, rejissora və aktyora) heç bir divident gətirmir. Acı reallıq budur. Bu gün sənətdə performativlik önə çıxıb. Yüksək planka tələb etmək üçün ciddi tamaşaçı kontingenti yetişməlidir. Əyləncə industriyası aktyorun maddi rifahının yaxşılaşmasına, populyarlığına xidmət edən bir mexanizmə çevrilib.

Lakin bu o demək deyil ki, tamaşaçı ancaq komediyaya baxır. Mən mütəmadi olaraq teatrlarımızda nümayiş olunan tamaşaları izləyirəm və tamaşaçı salonlarını həmişə dolu görmüşəm. Hər tamaşanın öz seyrçisi var. Ciddi, düşündürücü tamaşalara da insanlar gəlir. Amma sözsüz ki, “Komedixana”ya da ehtiyac var. Teatr müxtəlif kateqoriyalara bölünür ki, “Komedixana” onun tərkib hissəsidir. Əndazəni aşmamaq şərtilə toplumun nöqsanlarını yumorstik çalarlarla, yaradıcı formada təqdim etmək normal bir haldır.

Bəli, sənət insanı düşündürmürsə, insanda insanı oyatmırsa, katarsis yaratmırsa, o, sənət deyil. Əyləncə də ruhun qidasıdır, tamaşaçı da bayağılığa qarşı reflektiv münasibət sərgiləməlidir. Gülüşün bir tərbiyəvi xassəsi də var, teatr məhz bu nüansa üstünlük verməlidir. Duzsuz yumor, küçə ifadələri abırsızlığa rəvac verir. Buna yol vermək olmaz.

Nəhayət, bizi güldürən nədir, kimdir? Çevrəmizdəki əyriliklər və naqisliklərmi, yoxsa aktyorların məzəli oyun nümayişimi? Əsl sənət gülüşü hər ikisini özündə birləşdirir. Belə gülüş təkcə əyləndirmir, həm də düşündürür, dəyişdirir. Biz də TV kanallarının gülüş layihələrindən məhz belə təqdimatlar gözləyirirk.

Kənan HACI,
yazıçı-dramaturq

Sosial həyat