Alimlər siçanın ən detallı virtual beynini yaradıblar: 9 milyon neyron bir yerdə işləyir

post-img

Yaponiyanın Fugaku superkompüterində siçan beyninin indiyə qədər hazırlanmış ən geniş və dəqiq modeli işə salınıb. Bu virtual beyində 9 milyon neyron və 26 milyard sinaps (Sinaps — iki neyronun (sinir hüceyrəsinin) bir-biri ilə əlaqə saxladığı nöqtədir. Yəni beynimizdə informasiyanın bir hüceyrədən digərinə ötürüldüyü “keçid məntəqəsi”dir- red.) real vaxtda fəaliyyət göstərir. Layihə SC25 konfransında təqdim olunub.

ABŞ və Yaponiyadan olan tədqiqatçılar siçan beyninin 86 sahəsini eyni anda modelləşdirə biliblər. Real siçan beynində 70 milyon neyron var, yeni model isə bunun təxminən 13 faizini əhatə edir. Buna baxmayaraq, alimlər artıq virtual beyin boyunca həyəcan dalğalarının necə yayıldığını müşahidə edə bilirlər.

Layihənin rəhbərlərindən Anton Arxipovun sözlərinə görə, bu nailiyyət göstərir ki, daha böyük,- hətta insan beyninin,- rəqəmsal modeli gələcəkdə tam mümkündür.

Virtual beyin tədqiqatçılara imkan verir ki:

  • beyin dalğalarının necə sinxronlaşdığını,
  • yarımkürələrin necə əlaqə saxladığını,
  • diqqət və idrak proseslərinin necə işləndiyini araşdırsınlar.

Ən önəmlisi isə odur ki, alimlər burada istənilən neyronu “söndürüb-yandıra” bilir. Bu, epilepsiya, şüur pozuntuları və neyrodegenerativ xəstəlikləri heyvanlara müdaxilə etmədən öyrənməyə şərait yaradır.

Komanda indi siçan beyninin (70–100 milyon neyron) simulyasiyası üzərində işləyir. Uzunmüddətli məqsəd isə insan beyninin virtual modelidir. Bunun üçün daha güclü superkompüterlər 2027–2030-cu illərdə hazır olacaq.

Beləliklə, Fugaku superkompüteri üzərində yaradılan yeni model elm tarixində siçan beyninin ən dəqiq və işçi simulyasiyasıdır. Bu texnologiya yaxın illərdə həm tibb, həm də neyroelmə böyük sıçrayış vəd edir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı