Karib dənizinin dərinliklərində 300 illik sirr nəhayət ki, açıldı. Arxeoloqlar "San-Xose" adlı ispan gəmisi ilə bağlı mühüm elmi sübutlar ortaya çıxardılar.
Kolumbiya sahillərində yerləşən qədim gəmi qalıqları tarixçilərin illərlə axtardığı məşhur “San-Xose” xəzinəsi ilə üst-üstə düşdü. 1708-ci ildə Britaniya hərbi donanması tərəfindən batırılan üçgövdəli ispan gəmisi Cənubi Amerika koloniyalarından toplanmış qiymətli sərvətləri İspaniyaya aparırdı. Məqsəd kral V Filippin Böyük Britaniya ilə apardığı müharibəni maliyyələşdirmək idi.
Gəminin qalıqları ilk dəfə 2015-ci ildə aşkar edilmişdi. Lakin xəzinə dənizin dibində qorunaraq saxlanılmış, indiyədək yerindən tərpədilməmişdi. Son araşdırmalarda istifadə olunan sualtı pilotsuz aparat sayəsində alimlər sikkələrin yüksək dəqiqliklə görüntülərini əldə etdilər. Bu kəşf gəminin, əslində, məhz “San-Xose” olduğunu bir daha təsdiqlədi.
Sikkələrin dili ilə yazılan tarix
Yeni çəkilmiş görüntülər əsasında müəyyən olunub ki, sikkələr 1707-ci ildə Limalda (indiki Peruda) zərb olunub. Onların üzərində Kastiliya və Leon krallıqlarının gerbləri, Qüds xaçı, aslanlar və qəsrlərlə bəzədilmiş qalxan, eləcə də Herakl sütunları əks olunub. Sikkələrin bəzilərində metalların keyfiyyətini təsdiqləyən müfəttiş nişanları da yer alır.
Hər bir sikkənin orta diametri 32,5 mm, çəki isə təxminən 27 qramdır. Bu texniki göstəricilər gəminin batdığı tarixin – 1708-ci ilin – yenidən dəqiqləşdirilməsinə şərait yaradıb.
Dənizdəki Eldorado
Mütəxəssislərin qiymətləndirməsinə görə, gəminin göyərtəsində təxminən 11 milyon ədəd qızıl və gümüş sikkə, həmçinin zumrüdlər və digər qiymətli daşlar olub. Gəmi Kartaxena sahillərində britaniyalılar tərəfindən top atəşinə tutularaq batırılıb. O vaxtdan bəri “San-Xose” "dənizdəki El-Dorado" kimi tanınır.
Elmi və etik araşdırma nümunəsi
“San-Xose” ilə bağlı yeni tapıntılar “Antiquity” adlı nüfuzlu elmi jurnalda dərc olunub. Tədqiqat arkeologiya ilə müasir texnologiyanın sinerjisini əks etdirən nümunəvi iş kimi dəyərləndirilir. Araşdırma zamanı heç bir artefakt sudan çıxarılmadan, obyektin olduğu mühitdə tədqiq olunması, həm etik prinsiplərə, həm də elmi dəqiqliyə maksimum dərəcədə riayət olunduğunu göstərir.
Bu kəşf təkcə arkeoloji baxımdan deyil, həm də mədəni və hüquqi aspektlərdən böyük əhəmiyyət daşıyır. Çünki “San-Xose” xəzinəsinin taleyi ilə bağlı bir neçə ölkə arasında mülkiyyət mübahisələri hələ də davam edir.
Hazırladı:
S.ELAY
XQ