COP29-dan sonra daha bir qlobal tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etmək Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova İstanbulda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 5-ci Konfransında çıxışı zamanı bildirib.
Qeyd olunub ki, cari ilin may ayında Bakıda keçiriləcək sessiya "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq. Bu forum sürətli urbanizasiya ilə bağlı problemlərin həlli və bunun şəhərlərə, milli iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış yüksəksəviyyəli beynəlxalq platformadır.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəllər işğal altında olan və tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və bərpa layihələri həyata keçirir. Həmin ərazilərdə yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qabaqcıl şəhərsalma prinsipləri əsasında qurulur və burada “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “sıfır tullantı” kimi innovativ konsepsiyalar tətbiq olunur.
Bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun13-cü Sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq. Spiker bütün üzvləri Forumun gündəliyində fəal iştirak etməyə səsləyib.
XQ

