Qərbi Azərbaycanın Amasiya rayon icmasında növbəti əhəmiyyətli toplantı keçirilib. İclasda mədəni irsin qorunması, təşkilati fəaliyyətin daha sistemli qurulması istiqamətində mühüm məsələlər müzakirə olunub.
Toplantının gündəliyində Aşıq İsgəndərin 100 illik yubileyinə hazırlıq prosesi, rayon kənd icmalarının son 2 ayda həyata keçirdiyi fəaliyyətin təhlili, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, eləcə də sosial mediada icmanın işinin müasir tələblərə uyğun təşkili vurğulanıb.
Akademik Abel Məhərrəmov bildirib ki, bu fəaliyyət istiqamətləri həm tarixi yaddaşın yaşadılması, həm də Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə ictimaiyyətə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. O, Qərbi azərbaycanlıların Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti ardıcıl şəkildə dəstəklədiklərini diqqətə çatdırıb.
2026-cı ilin Fəaliyyət Planına uyğun olaraq Aşıq İsgəndərin 100 illik yubileyinə hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib, tədbirlərin yüksək səviyyədə təşkili üçün konkret tapşırıqlar müəyyənləşdirilib.
Müzakirələrdə Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü Hümbət Musayev, icmanın koordinatoru Əhməd Rzayev, sektor rəhbəri Əbdüləli Həsənov, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi, professorlar Aftandil Ağbabalı, Aslan Bayramov, şair-publisist Şəmsi Qoca və başqaları yubiley tədbirlərinin konsepsiyası və ictimai əhatə dairəsi ilə bağlı fikirlərini bölüşüblər.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin tapşırıqlarına uyğun olaraq sosial şəbəkələrdə Amasiya rayon icmasının fəaliyyətinin daha çevik və peşəkar şəkildə təqdim olunması, informasiya siyasətinin gücləndirilməsi və Amasiya TV internet kanalının imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Akademik Abel Məhərrəmov informasiya mübarizəsinin müasir mərhələdə xüsusi önəm daşıdığını bildirib.
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü Hümbət Musayev və rayon icmasının fəalları Bəylər Qurbanov, Emil Əliyev, Elmar Kərimov, Vüsal Rəhimli, Səbuhi Şamilov, Sevinc Abbasova, Məsud Qurbanov və Elmar Hüseynov çıxış edərək təklif və rəylərini səsləndiriblər.
Toplantı bir daha göstərdi ki, Qərbi Azərbaycan ideyası təşkilatlanmış, məqsədyönlü və gələcəyə hesablanmış fəaliyyət strategiyasıdır. Bu istiqamətdə atılan hər addım milli birliyin möhkəmlənməsinə, mədəni irsin yaşadılmasına və tarixi ədalətin bərpasına xidmət edir.
XQ


