Azərbaycan səfiri Əlcəzairin azadlıq mübarizini ziyarət edib

post-img

Fevralın 15-də Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin milli azadlıq mübarizəsinin rəmzinə çevrilmiş Cəmilə Buxeyridi evində ziyarət edib. 

Görüş zamanı vurğulanıb ki, Cəmilə Buxeyrid təkcə Əlcəzair xalqının deyil, bütün azadlıqsevər xalqların yaddaşında qəhrəman qadın obrazı kimi yaşayır. O, 1950-ci illərdə Fransa müstəmləkə rejiminə qarşı aparılan mübarizədə fəal iştirak etmiş, həbs edilmiş və ağır işgəncələrə məruz qalmışdır. Buna baxmayaraq, o, mübarizəsindən dönməmiş və Əlcəzairin müstəqillik simvollarından birinə çevrilmişdir. Onun adı Əlcəzair inqilabının canlı tarixidir.

Söhbət zamanı səfirliyin dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan–Əlcəzair əlaqələri: dünən və bugün” kitabı da xüsusi qeyd olunub. Bildirilib ki, Əlcəzair inqilabı dövründə Azərbaycanın görkəmli şairləri – Mirvarid Dilbazi, Nigar Rəfibəyli və Bəxtiyar Vahabzadə Cəmilə Buxeyridə ithaf olunmuş şeirlər qələmə almış, ədəbiyyat vasitəsilə Əlcəzair xalqının azadlıq mübarizəsinə dəstək ifadə etmişlər. 

Cəmilə Buxeyrid öz xatirələrini bölüşərək azadlıq mübarizəsinin çətin və ağır mərhələlərindən danışıb, həmin illərdə xalqın birliyinin və inamının qələbənin əsas amili olduğunu vurğulayıb. O, Azərbaycan xalqına göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

XQ

 

Son xəbərlər