Dünən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tanınmış alim və pedaqoq, multimedia və elektron kommunikasiyası kafedrasının müdiri, professor Qulu Məhərrəmliyə “Şirməmməd Hüseynov mükafatı” təqdim olundu.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Elşad Eyvazlı bildirdi ki, bu nüfuzli media mükafatı 5 il öncə təsis olunub. “Şirməmməd Hüseynov mükafatı”nın əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra builki qalib professor Qulu Məhərrəmli olub. Qulu müəllim jurnalist, yazıçı, alim kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib.
BDU jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Real TV-nin rəhbəri Mirşahin Ağayev, BDU-nun milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə, müharibə veteranı, rəssam Tərlan Eyvazov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Əməkdar jurnalist Etibar Babayev və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Qulu Məhərəmlini Şirməmməd Hüseynovun istedadlı yetirməsi, dostu və davamçısı kimi səciyyələndirdilər və belə nüfuzlu mükafata tam layiq olduğunu söylədilər.
Sonra “Şirməmməd Hüseynov mükafatı” Qulu Məhərrəmliyə təqdim olundu. Media professoru belə şərəfli mükafatı almağın onun üçün sevindirici olduğunu bildirdi və Şirməmməd Hüseynovun dövlətə və xalqa təmənnasız xidmət nümunəsi olduğunu vurğuladı. O, unudulmaz müəlliminin “İşıq düşməyən yerdə zəlzələ və faciələr olur” fikrini xatırladaraq cəmiyyətdə hər zaman işığın olmasını arzuladı.
Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova ustad qələm sahibinin xatirəsinin əziz tutulmasına görə razılığını bildirdi, onun davamçılarına xalqımıza və dövlətçiliyimizə xidmət işində uğurlar arzuladı.
Xatırladaq ki, “Şirməmməd Hüseynov mükafatı”nın qalibi 2020-ci ildə diplomat, araşdırmaçı, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə diplomat-ədəbiyyatşünas Vilayət Quliyev, 2023-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rəis Rəsulzadə, 2024-cü ildə isə Milli Məclisin sədr müavini Rafael Hüseynov olub.
Tahir AYDINOĞLU
XQ

