Oktyabrın 9-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə general-polkovnik K.Vəliyev Azərbaycanla Slovakiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
General D.Zmeko bu cür səfərlərin iki ölkə arasında hərbi əlaqələrin genişləndirilməsi və ordularımızın inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycanla Slovakiya arasında müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub. Qonaqlar, həmçinin Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzində yaradılmış şəraitlə də tanış olublar.
XQ