Tərtərdə uşaq bağçası yenidən qurulub

post-img

Sentyabrın 26-da Tərtər rayonunun Hüsənli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Hüsənli kənd uşaq bağçasının binası 1970-ci illərdə tikilib. İki korpus və yardımçı otaqlardan ibarət olan birmərtəbəli bina köhnəldiyindən istifadəyə yararsız idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçada təmir işləri aparılıb, mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı sahə abadlaşdırılıb. Korpusun ətrafına asfalt örtüyü çəkilib. Bağçanın ərazisində uşaq meydançası təşkil edilib.

Bağçanın açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov və digərləri uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, balacalara xoşbəxt gələcək və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.

Kənd sakinləri və valideynlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Valideyn Nigar Əliyeva bağçada yaradılmış şəraitdən razılığını bildirərək deyib: “Mən uşaq bağçasının əvvəlki vəziyyətinə görə təəssüf hissi keçirirdim. Həmişə deyirdim ki, kaş, bizim bağçamız da təmir olunsun. Bu gün artıq uşaq bağçası təmirdən sonra istifadəyə verildi. Binada uşaqlar üçün lazımi şərait yaradılıb. Buna görə valideyn kimi çox sevinirəm və buna görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.

XQ



Son xəbərlər