Budapeştdə Azərbaycan–Macarıstan hökumətlərarası Birgə Komissiyanın iclası və biznes forumu

post-img

Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib.

Birgə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumunda çıxış ediblər. S.Babayev Birgə Komissiyanın XI iclasının nəticələrinin Azərbaycan–Macarıstan münasibətlərinin dostluq və strateji tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdiyini bildirib.

Forum çərçivəsində ikitərəfli ticarətin genişləndirilməsi, investisiyaların təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, enerji, yaşıl iqtisadiyyat, ərzaq təhlükəsizliyi və nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı, Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müşaviri Sevda Əliyeva məclisdə çıxış ediblər. Forum çərçivəsində Azərbaycanın “Hieronica Limited” şirkəti ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) arasında Anlaşma Memorandumu imzalanıb.

Biznes forumunda iş adamları arasında görüşlər keçirilib.

***

Həmin gün Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib.

Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iclasdan əvvəl təkbətək və geniş tərkibdə keçirilən görüşlərində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, bu əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə edilib, ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyi nəzərdən keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev qeyd edib ki, Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi münasibətlərin möhkəmləndirilməsində həlledici rol oynayır və Budapeştdə keçirilən, gündəliyi olduqca geniş olan 11-ci iclasın nəticələri iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlığının gücləndirilməsi baxımından məhsuldar olacaq.

P.Siyarto çıxışında Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb.

S.Babayev və P.Siyarto Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokolu, hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planını, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “Scandens Pharmaceutıcals Industrıes LTD və “Pannonpharma” Anlaşma Memorandumu imzalayıblar.

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

XQ



Son xəbərlər