Mənzil-qərargahı Cenevrə şəhərində yerləşən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli İsveçrə Konfederasiyasının Cenevrədəki BMT bölməsi və digər təşkilatlar yanında daimi nümayəndəsi, eyni zamanda, BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti Yürq Lauber ilə görüşüb.
Görüş zamanı Baş katib təşkilatın Cenevrədə fəaliyyətinə göstərilən dəstəyə görə İsveçrə hökumətinə təşəkkürünü bildirib, BMMT adından ev sahibi ölkə ilə mövcud tərəfdaşlığı yüksək qiymətləndirib. Ərgüc Kələntərli BMMT ilə İsveçrənin aidiyyəti qurumları arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb. Öz növbəsində Yürq Lauber mülki müdafiənin qlobal təhlükəsizlik və dayanıqlı inkişaf kontekstində artan əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri və beynəlxalq mülki müdafiə şəbəkəsinin davamlı tərəfdaşlıq əsasında gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
XQ