Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 2-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Şəhid Ayaz Nəzərovun anası Sima Tanrıverdiyeva bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində Kəlbəcərdə həlak olub. Şəhid Qərib Qasımovun atası Şahbaz Qasımov oğlunun Xocavənddə, şəhid Məhəmmədəli Cəfərov isə oğlunun həlak olduğunu deyib.
Mirzə Ağayev bildirib ki, düşmənin açdığı atəş nəticəsində Xocavənddə yaralanıb. Zakir Mirzəyev qeyd edib ki, Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət alıb. Asim Musayev deyib ki, Kəlbəcərin Söyüdlü yaylağında o və yanında olan şəxslər yaralanıb, 350-dən çox heyvan isə tələf olub. Atamalı Məlikov bildirib ki, Xankəndi ərazisində yaralanıb, 6 dəfə əməliyyat olunub.
Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili tibbi yardım maşını Ağdam istiqamətində atəşə tutulub, nəticədə özü və daha 5 nəfər yaralanıb. Mədət Sabirzadə deyib ki, düşmənin Xocalıda yaralanıb, yanında olan 5 nəfər isə həlak olub. Təhrun Əsgərov söyləyib ki, Ağdərə istiqamətində kəllə-beyin travması alıb. Turan Balaşzadə qeyd edib ki, qardaşı Röyal Balaşzadə Kəlbəcər rayonu istiqamətində həlak olub.
Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində ayağından yaralanıb. Əziz Əzizov deyib ki, o, Xocavənddə kəllə-beyin travması alıb. Bəhlul Ağayev söyləyib ki, Xocavənddə qolundan yaralanıb, bir nəfər isə həlak olub. Fuad Qurbanlı Ağdərə istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin amputasiya olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə yaralandıqlarını bildiriblər.
Ürfan Məmmədov Xocavəndə qəlpə yarası və kəllə-beyin travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib. Pərvin Allahverdiyev Xocavənddə qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə qolundan və ayağından yaralandığını, kəllə-beyin travması aldığını diqqətə çatdırıblar. Nemət Bağırov Daşkəsən ərazisində Xəyal Süleymanovun və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə yaralandığını deyib. Həsən Məhiyəddinli Ağdərə ərazisində yaralandığını söyləyib.
Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda xəsarətlər alıb. Hacı Bağırov deyib ki, Ağdərə rayonu ərazisində o, Nəsimi Hacıyev və Vüsal İbrahimov xəsarət alıblar. Tural Əzimov və Məhəmməd Bağıyev Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə yaralandıqlarını söyləyiblər. Qoşqar Şərbətov qeyd edib ki, Xocavənd rayonunda düşmənin təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində xəsarət alıb.
Digər zərərçəkənlər - Nurəli Şıxaliyev, Rasif Məhərrəmov, Məzahir Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin Səfərov, Ümid İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov, Əmrah Həsənov, Vüsal Abbaslı, Şirin Həşimov, Kənan Sofiyev, Əmir Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan Mustafayev düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını bildiriblər.
Sonra zərərçəkən Amid Quliyevin ifadəsi elan edilib. Bildirilib ki, o, düşmənin Xocalı rayonunun Fərrux kəndində hər iki ayağının dizdən aşağı hissəsindən güllə xəsarətləri alıb.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.
XQ