Əqli Mülkiyyət Agentliyində də milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanov Azərbaycan milli mətbuatının tarixinə nəzər salıb, əsası “Əkinçi” qəzeti ilə qoyulan mətbuatımızın şərəfli inkişaf yolu keçdiyini vurğulayıb. O qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaradıb.
Professor Kamran İmanov diqqətə çatdırıb ki, media əqli mülkiyyət ilə sıx təmasdadır, bu, xüsusən müəlliflik hüququnda özünü göstərir. Medianın fəaliyyət məkanı – informasiya və yaradıcılıq məkanıdır və media – müəllif-hüquq və informasiya hüququ sisteminin subyektlərindən biridir. O, media nümayəndələrinə Əqli Mülkiyyət Agentliyində infrastrukturun təkmilləşdirilməsi, neqativ halların qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib
Sonra media nümayəndələri Agentliyin Respublika Elmi-Texniki Kitabxanasında olublar. Onlara kitabxananın fondları, burada saxlanılan nəşrlər haqqında məlumat verilib. Qeyd edilib ki, kitabxanada XIX əsrə aid nəşrlər də qorunur.
Media nümayəndələri daha sonra Agentliyin Çağrı Mərkəzində olublar. Onlara PƏNAH sisteminin iş prinsipi əyani nümayiş etdirilib.
XQ