İyulun 17-də Mərkəzi Gömrük Hospitalında “Zəka” gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru, Əməkdar həkim Ceyhun Məmmədov gömrük sistemində müasir bilik və bacarıqlara malik əməkdaşların karyera yüksəlişinin təmin olunması, ixtisaslı kadr ehtiyatının formalaşdırlması baxımından müsabiqənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı daim öz üzərində işləmək, bilikləri dərinləşdirmək, vətənə və xalqa sədaqətlə xidmət prinsiplərini üstün tutmağın vacibliyi diqqətə çatdırılıb.
Daha sonra “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib. Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, İsmayıl Əfəndiyev “İlan və digər zəhərli heyvanların dişləmələri zamanı diaqnostika və ilk yardım” və Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov “İlk yardım kursu” mövzusunda təqdimatlarla çıxış ediblər.
Təlimdə “İlk yardım kursu”, “İlan və digər zəhərli heyvanların dişləmələri zamanı diaqnostika və ilk yardım” mövzularında təqdimatlar nümayiş etdirilib.Təlim çərçivəsində gömrük əməkdaşlarına zəhərli heyvanların dişləmələri zamanı klinik əlamətlərin tanınması, zəhərlənmə hallarının erkən mərhələdə müəyyən olunması, zərərçəkmişə yerində ilkin yardım göstərilməsi, eləcə də tibbi yardım göstərilənədək görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin, qıcolma, tənəffüs dayanması kimi hallarda göstərilməli olan ilkin tibbi yardım prinsiplərindən bəhs olunub, bu hallarda tətbiq edilən əsas texnikalar nümayiş etdirilib, praktiki məşğələlər keçirilib.
XQ