Müstəmləkə düşüncəsinə “yox!”

post-img

İyunun 4-də ADA Universitetində “Müasir beynəlxalq münasibətlərdə müstəmləkə düşüncəsinin davamlılığı” mövzusunda dəyirmi masa keçirilib.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfransın iştirakçılarının da olduğu dəyirmi masada müstəmləkə düşüncəsinin və müasir beynəlxalq münasibətlərin davamlılığı müzakirə edilib.

Tədbirə ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç moderatorluq edib. BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun üzvü June Soomer müstəmləkəçilərin məqsədinin öz ölkəsini inkişaf etdirmək və zənginləşdirmək üçün müstəmləkə edilmiş torpaqlardan ehtiyatların çıxarılması olduğunu və onların heç birinin bu hərəkətlərini səhv hesab etmədiyini vurğulayıb.

ABŞ-ı təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin bildirib ki, tarixən müstəmləkəçilikdən əziyyət çəkən, səs hüququ olmayan xalqlar tədricən Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq platformalardan istifadə edərək öz inkişaflarına dair fikirlərini ifadə etmək imkanı əldə etdilər. O vurğulayıb ki, 1946-1960-cı illər arasında özünüidarə hüququ olmayan bəzi ərazilər siyahıdan çıxarıldı. Bu, xüsusilə Fransız ərazilərinə aid idi. Bu ərazilərin bəziləri yenidən baxıldıqdan sonra siyahıya qaytarıldı.

Cənub Sakit Okeanı Universitetində baş müəllim Lorenz Rudolf Gonschor öz növbəsində müstəmləkəçiliyin yalnız siyasi strukturlarda deyil, düşüncə tərzində də özünü göstərdiyini qeyd edib. “Məsələn, Ficinin paytaxtı Suva şəhərində küçələr İngilis müstəmləkə xadimlərinin adlarını daşıyır: Elizabeth street, Queen street, Victoria street, Gordon street. Ficiyə məxsus küçə adları olsa da, onlar yalnız ingilis rəhbərliyi ilə əməkdaşlıq edən liderlərlə əlaqəlidirlər. Bu, müstəmləkə düşüncəsinin bölgənin ictimai yaddaşına təsirinin davam etdiyini göstərir”, - deyə o bildirib.

Daha sonra fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.

XQ

Son xəbərlər