“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans

post-img

Mayın 26-da Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.

Daha sonra islamofobiya haqqında qısametrajlı filmin təqdimatı olub.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, islamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur.

“İslamofobiya qlobal miqyasda artan təhlükəli tendensiyanın tərkib hissəsidir. Bəziləri islamofobiyanı ayrı bir diskriminasiya forması kimi tanıyır, digərləri isə onu antimüsəlman nifrəti və ya dini irqçilik kimi adlandırmağı təklif edir. Mən düzgün terminologiyanın əhəmiyyətini anlayıram və dilin önəmini dərk edirəm. Ancaq inanıram ki, bu fenomenin müxtəlif kontekstlərdəki dərinliyini tam əks etdirəcək tək bir termin yoxdur. Əsas odur ki, islamofobiyanın acı bir reallıq olduğunu və müxtəlif bölgələrdə fərqli formalarda sosial və siyasi sahələrdə getdikcə daha çox yer aldığını qəbul edək. O, birmənalı şəkildə diskriminasiya forması kimi tanınmalıdır. Ancaq bu yolla ona qarşı effektiv mübarizə apara bilərik”, - deyə R.Həsənov vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

O bildirib ki, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur. Bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar. Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir. Şeyxülislamın sözlərinə görə, Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir.

“Din adı ilə siyasi məqsədlər güdən, dini dəyərlərdən sui-istifadə edən şəxslərə və qruplara qarşı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi mübarizə aparmaq vacibdir. Bu məsələdə Azərbaycan fəal və prinsipial mövqe tutur. Biz dinlərarası əməkdaşlıq sahəsində nümunəvi təcrübəyə sahibik və bu model dünya üçün də aktuallıq kəsb edir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün dünyanın bir çox yerində, xüsusilə də bəzi Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artmaqdadır.

Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Müraciətdə bildirilib ki, müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşirlər. Bu cür qərəzli yanaşmalar müsəlmanların damğalanmasında və əsassız irqi profilləşdirilməsində özünü göstərir və qərəzli media təmsilçiliyi, bəzi siyasi liderlərin antimüsəlman ritorikası və siyasəti ilə gücləndirilir. Migel Anxel Moratinos deyib ki, insanlara hər yerdə dinc şəkildə, qorxmadan inanclarını həyata keçirmələrinə icazə verilməlidir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin xüsusi elçisi Mehmet Paçacı Baş katib Hissein İbrahim Tahanın konfrans iştirakçılarına müraciətini oxuyub. Bildirilib ki, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qərəzli münasibətin, yanlış təsəvvürlərin və nifrət ritorikasının təzahürüdür. Ona qarşı aparılan mübarizə isə yalnız bir bölgəyə deyil, bütövlükdə bəşəriyyətin ortaq dəyərlərinə xidmət edən universal çağırışdır. Bu baxımdan, bu cür beynəlxalq tədbirlər islamofobiyaya qarşı mübarizədə uğurlu və təsirli platforma rolunu oynayır.

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir. Naimi bildirib ki, bu tədbirin əsas məqsədi bütün sübutları toplamaq, siyasi məsələləri gündəmə gətirmək və kənarda qalan səsləri ucaldaraq eşitdirməkdir.

İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qaiti bildirib ki, bu gün keçirilən beynəlxalq konfransda biz yalnız bir problemi müzakirə etmirik, eyni zamanda, humanist, ədalətli və tolerant bir dünyanın qurulması üçün ortaq öhdəliklərimizi nəzərdən keçiririk. Bu kontekstdə, Azərbaycanın multikulturalizmə, dinlərarası harmoniyaya yanaşması, həmçinin islamofobiyaya qarşı apardığı ardıcıl və səmərəli mübarizə olduqca nümunəvidir.

Qeyd edək ki, beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Yüzdən artıq xarici qonağın iştirak etdiyi konfransda “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq.

***

Konfrans açılış mərasimindən sonra işini panel və plenar iclaslarla davam etdirir.

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən plenar iclasda “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusu müzakirə edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, islamofobiyaya meyillilik son illərdə bütün dünyada artır və bu, artıq təkcə fərdi münasibətlər səviyyəsində deyil, rəqəmsal media platformalarında da müşahidə olunur. Onun sözlərinə görə, islamofobiya, sadəcə, dini dözümsüzlük deyil. Bu, eyni zamanda, sosial-psixoloji problemdir, cəmiyyətlərdə gərginlik və qarşıdurma toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Qeyri-tolerantlıq bir millətin və ya fərdin problemi deyil, bu, ölkələri geri salan, cəmiyyətlərin inkişafını ləngidən zərərli yanaşmadır.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu cür konfransın təşkili və belə bir fürsətin yaradılmasına görə Azərbaycana minnətdarlığını bildirib. Onun sözlərinə görə, islamofobiya mürəkkəb və dərin kök salıb. Bu, eyni zamanda, sivilizasiyalar toqquşmasına gətirib çıxarır. Son illərdə ardıcıl olaraq G20-yə ev sahibliyi edən ölkələr daha humanitar yanaşma ilə digər məsələlərə daha çox diqqət yetirirlər. Məsələn, ötən il Braziliya dayanıqlı inkişaf, enerji keçidləri, iqlim fəaliyyətləri və qlobal idarəetmə institutlarında islahatlarla yanaşı, aclıq və yoxsulluqla mübarizədə sosial inklüzivliyə diqqət yetirib. Bu il isə Cənubi Afrika həmrəylik, bərabərlik və davamlılığı özünün əsas mövzuları kimi müəyyənləşdirib.

KAICIID-in icraçı Baş katibi vəzifəsini icra edən Antonio De Almeiday Ribeiro beynəlxalq konfransın qlobal səviyyədə artmaqda olan islamofobiya ilə mübarizəyə, həm də rəqəmsal dövrün yaratdığı yeni çağırışlara qarşı ortaq mövqe ifadə etmək üçün mühüm fürsət olduğunu deyib. Onun sözlərinə görə, rəqəmsal platformalar, əslində, maarifləndirmə və təbliğat üçün böyük potensial daşısa da, təəssüf ki, nifrət nitqi üçün də əlverişli zəminə çevrilib. Sosial şəbəkələrdə İslama qarşı nifrət dolu ifadələr 21 faiz artıb.

ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman konfransın beynəlxalq arenada ayıqlığın və dözümlülüyün təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan Respublikasının ICESCO-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına yüksək ehtiramını çatdırıb.

Xalid Fəthəlrəhman bildirib ki, Qərbdə bəzi hökumətlər islamofobiyaya qarşı mübarizə aparsalar da, müsəlman icmaları hələ də ciddi problemlərlə üzləşirlər.

Efiopiya İslam İşləri Ali Şurasının prezidenti, Efiopiya İslam Alimləri və Dinlərarası Şurasının sədri İbrahim Tufa İslamın qarşılıqlı anlayış, bərabərlik, ədalət və kamillik üzərində qurulmuş din olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu dinin təməlində insanlara humanist və mərhəmətli yanaşma dayanır. Təəssüf ki, hazırda bir çox ölkələrdə müsəlmanlara qarşı nifrət və şübhə ilə yanaşma tendensiyası artır. İslam dininin şiddət və ekstremizm ilə əlaqələndirilməsi yalan və qərəzli yanaşmaların nəticəsidir. Xüsusilə də bu iddialar “söz azadlığı” adı altında təqdim olunur ki, bu da əslində azadlığın mahiyyətinə ziddir.

Ümumdünya Fətva Təşkilatlarının Baş katibi İbrahim Nəcm bildirib ki, Qərb dünyasında “fətva” anlayışı mənfi məna daşıyır və çox zaman ölüm hökmü ilə əlaqələndirilir. Qeyri-müsəlmanlar “fətva” deyiləndə bunu sanki cəza və ya ölüm hökmü kimi qəbul edirlər. Bu da əsas problemlərdən biridir.

“Fətvanın nə olduğu barədə maarifləndirmə aparılmalıdır. Biz məlumat bolluğu içində yaşayırıq, amma, eyni zamanda, bilik və müdriklik, təəssüf ki, tükənmək üzrədir. Əslində, “fətva”, sadəcə, məsləhətdir, onun hüquqi qüvvəsi yoxdur. Gənc alimlərə səlahiyyət verilməlidir ki, uca kürsülərdən çıxış etsinlər. Alimlər və mütəxəssislər İslamı olduğu kimi təqdim etməlidirlər. Biz hamımız əməkdaşlıq etməliyik.”, - deyə İbrahim Nəcm əlavə edib.

İclas müzakirələrlə davam edib.

***

Konfrans çərçivəsində “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” adlı panel müzakirələri olub. Doha Dinlərarası Dialoq üzrə Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədr müavini Aişə Yusif Əl-Mannainin moderatorluğu ilə keçirilən sessiyada qərəzli təsəvvürlərin necə yarandığı, davam etdiyi və ən əsası, necə dəyişdirilə biləcəyi barədə fikir mübadiləsi aparılıb.

Belçika Müsəlmanlar Şurasının prezidenti Esma Uçanın sözlərinə görə, dinlərarası dialoq simvolik xarakter daşımamalıdır. Qadınlar bu prosesdə xüsusi rol oynamalıdır. O bildirib ki, Avropada bir sıra qadınlar ciddi problemlərlə üzləşirlər və bu reallıqdan qaçmaq mümkün deyil. Müsəlman qadın deyildikdə ya qurban, ya da radikal obrazı göz önünə gəlir. Onlar geri qalmış kimi təqdim olunurlar. Baş örtüyünə görə müsəlman qadınlar ayrı-seçkilik və qısnama ilə üzləşirlər. Müsəlman qadınlar cəmiyyətdən təcrid olunurlar ki, bu da bir növ çarəsizliyi əks etdirir.

Milli Məclisin deputatı Gülşən Paşayeva qeyd edib ki, qadınlar, xüsusilə hicab geyinən xanımlar, hansı dinə mənsub olduqlarını gizlədə bilmirlər. Baş örtüyü bir simvoldur.

Deputat bildirib ki, islamofobiya fonunda Qərb cəmiyyətlərində baş örtüyünə qorxuducu bir element kimi baxılması geniş yayılmış yanlış təsəvvürdür. Elə bir mif formalaşıb ki, guya bütün müsəlman qadınlar səssizdir. Halbuki müsəlman xanımlar öz hüquqları uğrunda fəal mübarizə aparır və cəmiyyətin inkişafına mühüm töhfələr verirlər.

Hassan II Universitetinin professoru, BMT-nin Terrorizm və Ekstremizm üzrə eksperti Bahicə Camal isə dini maarifləndirmənin son dərəcə vacib olduğunu deyib. Diqqətə çatdırıb ki, əgər bu istiqamətdə fəaliyyət göstərilməzsə, hər hansı bir nəticə əldə etmək mümkünsüzdür. İman ilə ekstremizm arasında fərq açıq şəkildə izah edilməlidir. Bir şəxsin imanlı olması, onun ekstremist olması anlamına gəlmir.

Fransalı jurnalist və sənədli film rejissoru Naima Lefkir-Laffitte çıxışında bildirib ki, İslam dininə qarşı yönəlmiş qərəzli yanaşmalar uzun illərdir formalaşıb və bu, xüsusilə media vasitəsilə sistemli şəkildə dərinləşdirilir. O qeyd edib ki, jurnalistikanın etik prinsipləri pozularaq, müsəlmanlara qarşı açıq şəkildə ayrı-seçkilik və islamofob ritorika yayılır.

Yunanıstan Müsəlmanlar Assosiasiyasının Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anna Stamou isə islamofobiyanın bir zəhər olduğunu söyləyib. Bildirib ki, islamofobiya strateji bir prosesdir. Uzun illər ərzində planlaşdırılmış şəkildə və müxtəlif üsullarla həyata keçirilir.

“Artıq islamofobiyaya qarşı konkret strategiyalar formalaşdırmalı və tədbirlər görməliyik. Müsəlmanlara qarşı təhqir və ayrı-seçkilik məqsədilə kifayət qədər vəsait xərclənir. İslamofobiya ilə bağlı, sadəcə, təriflər vermək kifayət deyil. Bu, real və neqativ bir fenomendir və ona qarşı əməli tədbirlər görülməlidir”, – deyə Anna Stamou qeyd edib.

İclas müzakirələrlə davam edib.

***

Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən panel iclasda “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” mövzusu müzakirə edilib.

ICESCO-nun Hüquqi işlər və beynəlxalq standartlar departamentinin direktoru Məhəmməd Hedi Şili islamofobiyaya qarşı mübarizə yollarının müzakirə edilməsini olduqca vacib və aktual mövzu olaraq qiymətləndirib. O qeyd edib ki, müsəlmanlara qarşı düşmənçilik halları yeni bir məsələ deyil, lakin son illərdə bu halların intensivliyində ciddi artım müşahidə olunur. İslamofobiya yalnız fərdi səviyyədə deyil, sistemli formada - media, mədəniyyət, təhsil və əmək sahələrində də təzahür edir. Araşdırmalar göstərir ki, müsəlmanların 39 faizi ümumi diskriminasiyaya məruz qaldığını bildirib. 35 faiz müsəlman iş mühitində, 35 faiz isə yaşayış sahəsi tapmaqda ayrı-seçkiliklə üzləşib. Daha da narahatedici fakt odur ki, hicablı qadınların 45 faizi vəzifələrə qəbulda ayrı-seçkiliklə üzləşir. Təhsil sahəsində isə 35 faiz müsəlman dini kimliyinə görə diskriminasiya gördüyünü deyir.

İƏT-in Baş katibinin xüsusi elçisi Mehmet Paçacı islamofobiyanın artıq sistematik yanaşmaya çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, nifrətə əsaslanan fikirlər və qərəzli münasibətlər cəmiyyətlərdə vəhdətin və birgəyaşayışın pozulmasına səbəb olur. Bəzi Qərb ölkələrində müsəlman qadınlara, xüsusilə hicablı xanımlara qarşı münasibət ayrı-seçkiliyin daha da dərinləşdiyini göstərir.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmut Erol Kılıç qeyd edib ki, islamofobiya artıq, sadəcə, fərdi nifrət və ya qərəzli münasibət deyil. Biz ondan ideoloji və siyasi məqsədlər üçün istifadə olunduğunu müşahidə edirik. Təəssüf ki, bəzi hallarda seçki kampaniyalarında, beynəlxalq böhranlar zamanı, xüsusilə də terror hadisələrindən sonra islamofobiya alətə çevrilir. Bəzi dairələr islamofobiyadan ictimai dəstək toplamaq üçün istifadə edir.

G20 Dinlərarası Forumunun baş hüquqşünası, “Covington vs Burling LLP” şirkətinin müşaviri Timoti P.Stratford qeyd edib ki, bu cür ayrı-seçkiliklə mübarizə aparmaq üçün bir sıra yollar mövcuddur. Lakin əsas mübarizə üsulu maarifləndirmədir.

“İslamofobiya çox zaman yanlış məlumatlardan və stereotiplərdən qaynaqlanır. Bu səbəbdən maarifləndirici tədbirlər, ictimai məlumatlandırma kampaniyaları, təhsil proqramları və media vasitəsilə aparılan obyektiv təqdimatlar cəmiyyətin yanlış təsəvvürlərini aradan qaldırmaqda əsas rol oynaya bilər. Ancaq təkcə maarifləndirmə kifayət deyil. Hüquqi yanaşma da bu mübarizənin vacib sütunlarından biridir”, - deyə Timoti P.Stratford bildirib.

Beynəlxalq insan hüquqları üzrə professor, “Qlobal islamofobiya ilə mübarizə” layihəsinin direktoru Əhməd Şahidin sözlərinə görə, islamofobiya ilə mübarizədə hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi, maarifləndirmə, mədəniyyətlərarası dialoq və həmrəylik əsas istiqamətlərdir. Stereotiplər və qərəz çox zaman cahillikdən yaranır.

Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Kerdoudi Cavad isə son illər bir çox ölkədə müsəlmanların siyasi ritorikada mənfi stereotiplərlə hədəfə alındığını bildirib.

O qeyd edib ki, bu kontekstdə hüquqi çərçivənin gücləndirilməsi vacibdir. İnsan hüquqları haqqında beynəlxalq konvensiyalar islamofobik ifadələrin və siyasətin qarşısını almaq üçün mühüm hüquqi əsaslar yaradır. Qanunvericilik sənədlərində nifrət nitqinin cinayət kimi tanınması və ayrı-seçkiliyin qarşısını alan mexanizmlər daha səmərəli tətbiq olunmalıdır.

İclas müzakirələrlə davam edib.

***

“TRT World” Tədqiqat Mərkəzinin direktoru, “TRT World” Forumunun memarı Tarek Çərkəvinin moderatorluğu ilə keçirilən panel iclasda “İslamofobiya media və rəqəmsal məkanlarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” mövzusu müzakirə edilib.

Qətər Hökumət Media Mərkəzinin direktoru Eyman Əl-Kaabi süni intellektin alqoritmlər əsasında işləyən sistem olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu, bəzən insanlardakı qərəzləri təkrar edir və daha geniş şəkildə yayır. Əgər bir model islamofob məzmunla öyrədilibsə, o zaman bu qərəzli informasiyanı sosial mediada, axtarış nəticələrində və hətta hüquq-mühafizə sistemlərində təkrar istehsal edə bilər. Müsəlman adları ilə bağlı axtarışlarda mənfi nəticələrin önə çıxması və ya avtomatik filtrlərdə müsəlman geyimi və simvollarının “şübhəli” kimi işarələnməsi artıq qeydə alınmış hallardır. Bu hallar süni intellektin neytral deyil, insan qərəzlərindən təsirləndiyini sübut edir.

İƏT Xəbər Agentlikləri Birliyinin Media müşaviri və məsləhətçisi Alzubir Al-Ansari qeyd edib ki, Azərbaycanda multikulturalizm təkcə rəsmi konsepsiya deyil, həm də real həyatın bir parçasıdır. Dinindən, milliyyətindən asılı olmayaraq hər bir insan cəmiyyətin ayrılmaz hissəsi kimi qəbul olunur. Bu model təkcə regionda deyil, bütün dünyada təqdirəlayiq nümunə ola bilər. Onun sözlərinə görə, Fransada bunun tam əksi müşahidə edilir. Orada islamofobiya təkcə sosial münasibətlər səviyyəsində deyil, həm də siyasi ritorikada və qərar qəbuletmə proseslərində özünü göstərir.

AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev vurğulayıb ki, müasir dövrdə informasiya texnologiyaları və süni intellekt sistemləri informasiya yayımında mühüm rol oynayır. Təəssüf ki, bu texnologiyalar bəzən insan hüquqlarına və dini dözümlülüyə qarşı təhlükəyə çevrilir.

Onun sözlərinə görə, süni intellekt sistemləri müəyyən dairələrin hazırladığı qərəzli və nifrət dolu çıxışları təkrar istehsal edir və geniş auditoriyaya yayır. Sosial şəbəkələrdə islamofobiya ilə zəngin paylaşımlar artıq adi hala çevrilib. Bu isə cəmiyyətlər arasında parçalanmanı dərinləşdirir, nifrət nitqini və dezinformasiyanı təşviq edir.

Əl-Cəzirə Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Muxtar Əl-Xəlil bildirib ki, süni intellekt, təbii ki, obyektiv və ədalətli olmalıdır. Ancaq təəssüf ki, reallıqda belə deyil. Bu sahədə qərəzli hallara rast gəlirik. Müsəlman sözü tez-tez “terror”, “şiddət” və digər neqativ anlayışlarla əlaqələndirilir. Alqoritmlərin qurulmasında istifadə olunan dini məlumatlar çox zaman islamofobik təsəvvürlərə əsaslanır. Bu da nəticədə, müsəlmanlara qarşı yanlış və zərərli fikirlərin yaranmasına səbəb olur.

Fransız jurnalist, geopolitoloq Jan-Mişel Brun isə İslam anlayışının bəzən yanlış şəkildə terrorçuluqla əlaqələndirildiyinə diqqət çəkib. O qeyd edib ki, bu, cəmiyyətdə İslama qarşı qorxu və şübhə yaradır. “Müsəlmanlar hazırda Fransada say baxımından beşinci əhali qrupudur. Azlıq onların səsinin eşidilməməsinə səbəb olur. Təəssüf ki, fransız müsəlmanlarını müdafiə etmək üçün göstərilən səylər tez-tez nəticəsiz qalır, çünki ictimai fikirdəki qərəz dərin kök salıb. Bu vəziyyəti dəyişmək üçün bizə güclü və obyektiv media lazımdır”, - deyə fransız jurnalist əlavə edib.

İclas müzakirələrlə davam edib.

***

Səudiyyə Ərəbistanının İran Araşdırmaları Beynəlxalq İnstitutunun rəhbəri Məhəmməd Əl Sulaminin moderatorluğu ilə keçirilən panel sessiyada islamofobiyanın tarixi və müasir təzahür formaları, onun siyasi, dini və ictimai təsirləri müzakirə edilib.

İclasda çıxış edən “Multi-Faith Neighbours Network”un həmtəsisçisi, “Institute for Global Engagement”in prezidenti Bob Roberts deyib ki, islamofobiya təkcə müsəlmanlar üçün deyil, həm də xristianlar üçün zərərlidir, çünki bu, insanların inancını sarsıdır. Onun sözlərinə görə, hazırda bəşəriyyət hər 80-100 ildən bir yaşanan tarixi dönüş nöqtələrindən birindədir.

Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Dini Münasibətlər Komissiyasının sabiq katibi Xəlid Akaşeh qeyd edib ki, bu gün biz islamofobiyaya qarşı mübarizə aparırıq, qərəzi ifşa etməyə çalışırıq. Müsəlmanlarla dialoqa daim açıq olduqlarını deyən Xəlid Akaşeh bildirib: “Müsəlman dostlarımız bizə daim sevgi və diqqətlə yanaşıblar. Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”.

Milli Məclisin deputatı Tural Gəncəliyevin fikrincə, dünyanın müxtəlif bölgələrində islamofobiyanı təbliğ edən şəxslərin fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyillərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır.

Birləşmiş Ərəb Əmirliklərinin İnsan Qardaşlığının Ali Komitəsinin müşaviri Herizal Həzrin sözlərinə görə, bir araya gələrək birgə yaşayışın əhəmiyyətini və onun bəşəriyyət üçün nə qədər vacib olduğunu müzakirə etmək çox önəmlidir.

“Bu, sadəcə, mənəvi arqument deyil, hazırda yaşadığımız və mövcud olan sistematik problemdir. Bu səbəbdən ona qarşı mübarizə də sistemli olmalıdır”, - deyə müşavir qeyd edib.

Fransız və Ərəb Dilçilik və Etimoloji Araşdırmalar Cəmiyyətinin prezidenti, Orient XXI Qrupunun rəhbəri Roland Laffitte çıxış edərək deyib ki, islamofobiya termini bəzi dairələrdə çaşqınlıqla qarşılanır, çünki tənqid və nifrət arasındakı hüquqi fərq bilərəkdən nəzərdən qaçırılır. O qeyd edib ki, əslində, islamofobiya yalnız dinə deyil, müsəlmanlara və İslam mədəniyyətinə qarşı nifrəti də əhatə edir.

Misir Xarici İşlər Nazirliyinin təqaüddə olan səfiri Badurrahman Slahəddin isə bildirib ki, dini dialoq maarifləndirici olsa da, birgəyaşayış üçün ən ideal üsul deyil. Onun fikrincə, mədəniyyət əsas körpü rolunu oynamalı və digər dinlərin nümayəndələrinə qarşı təhqiramiz ifadələrdən imtina edilməlidir.

İclas müzakirələrlə davam edib.

XQ

 















Son xəbərlər