“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam uğurla icra edilib

post-img

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 may tarixli Sərəncamı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin, Milli Məclisin deputatlarının, Əfv Məsələləri Komissiyasının üzvlərinin, hüquq müdafiəçilərinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, vətəndaş cəmiyyəti və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yerli qurumlarında uğurla həyata keçirilib.

Sərəncamın icrası zamanı çıxış edənlər əfv institutunun təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, indiyədək 71 əfv sərəncamına əsasən 10 min şəxs əfv olunub. Çıxışçılar Azərbaycanda humanist dəyərlərin hər zaman önə çəkildiyini, 28 May – Müstəqillik Günü ərəfəsində atılan bu addımın humanizm siyasətinin növbəti bariz nümunəsi olduğunu qeyd ediblər. Natiqlər əfv olunanları humanist aksiyanı layiqincə qiymətləndirməyə, azadlıqlarının dəyərini bilməyə çağırıblar.

Qeyd edək ki, bu gün imzalanan əfv sərəncamı 200-dən artıq şəxsə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad olunub.

XQ



Son xəbərlər