Mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun açılış mərasimi keçirilib.
Forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşmasında proaktiv həssas rolunun artırılması, mediadan müxtəlif aktual məsələlərə qarşı mübarizədə düzgün istifadə, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən forumun artıq ikinci ildir dövlət–media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərdiyini vurğulayıb. 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladan icraçı direktor bildirib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri sırasındadır.
Ə.İsmayılov, həmçinin qeyd edib: “Son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir”.
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva bildirib ki, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media, eyni zamanda, effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir. Onun sözlərinə görə, son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır. Lakin bu transformasiya fonunda bəzi ciddi risklər də meydana çıxa bilər. Onlar sırasında dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillilik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı risklər xüsusi ilə qeyd olunmalıdır.
Ali Məhkəmənin Kollegiya sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev çıxışında diqqətə çatdırıb ki, məhkəmə fəaliyyətinə dair informasiyanın açıqlığı öz növbəsində xüsusi yanaşma tələb edən məsələlər dairəsinə aiddir. Belə ki, bu, istənilən məlumata deyil, vətəndaşların şəxsi həyatına toxunmayan, o cümlədən şəxsi və ailə sirri təşkil etməyən məlumatlara əlçatanlığı nəzərdə tutur. Bu baxımdan, fikir və söz azadlığından istifadə edilərkən digər şəxslərin şərəf və ləyaqətinə, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır.
Onun sözlərinə görə, media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, xüsusən televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb.
Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev çıxışında qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquq sisteminin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Azərbaycan Konstitusiyasında sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb. Burada iqtisadiyyatın azad inkişafına təminat verməklə ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiyası olaraq dövlətin üzərinə qoyulub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan mühüm addımlar media məkanında tərəqqi və müasir tələblərə uyğunlaşma üçün münbit şərait yaradır. Bu yaxınlarda uğurla həyata keçirilmiş onlayn layihələr, internet sahəsində qazanılan nailiyyətlər informasiyaya əlçatanlığı əhəmiyyətli dərəcədə artırıb, ucqar bölgələrdə yaşayan vətəndaşların da müxtəlif mənbələrdən operativ məlumat əldə etmələrinə şərait yaradıb.
Forum işini “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyaları ilə davam etdirib.
Forum çərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi” panel iclası keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov çıxışında bildirib ki, bəzən mediada bilərəkdən və ya bilməyərəkdən informasiya təhlükəsizliyi ilə bağlı məhdudiyyətlər pozularaq məlumatlar paylaşılır.
Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov medianın proseslərin işıqlandırılmasında müxtəlif hüquqşünasların rəyinin paylaşılmasının mühüm addım olduğunu qeyd edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ləman Hüseynzadə bildirib ki, media ilə dövlət qurumları arasında münasibətlər tərəfdaşlığa əsaslanır.
Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli isə qeyd edib ki, media nümayəndələrinin hüquqlarının qorunmasında Ombudsman İnstitutu mühüm rol oynayır və insan hüquq və azadlıqlarının təminində medianın rolu danılmazdır.
Çıxışlardan sonra panel sessiya sual-cavab formatında davam etdirilib.
Forum çərçivəsində “İctimai proseslər media müstəvisində” panel iclası keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev yollarda təhlükəsizliyin təmin edilməsinin idarənin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, maarifləndirmə prosesində media nümayəndələri qurumun işinin təşkilinə çox kömək edir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu bildirib. O, AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr əldə edib.
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov çıxışında metronun cəmiyyətin nəbzini vuran bir nəqliyyat sistemi olduğunu qeyd edib. O, müasir dövrdə sosial medianın ənənəvi mediada daha çox xəbər mövzusu verdiyini vurğulayıb. Həmçinin B.Məmmədov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası məsələsində medianın onlara böyük dəstək göstərəcəyinə ümidvar olacağını ifadə edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direktoru Vəli Məmmədov AYNA-ya gündəlik ortalama 12 sorğunun daxil olduğunu qeyd edib. O, daxil olan sorğuların 95 faizinin gün ərzində qurum tərəfindən cavablandırıldığını diqqətə çatdırıb.
Çıxışlardan sonra tədbir sual-cavab formatında davam etdirilib.
Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” panel iclası da keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev hazırda kibertəhdidlərin, onlayn oğurluq hallarının onları narahat edən əsas məsələlərdən biri olduğunu deyib. E.Hacıyev vətəndaşların bank kartları ilə bağlı məlumatlarının digər şəxslərlə paylaşılmamasını tövsiyə edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev kiberməkanda mövcud olan təhlükələrin dövlət qurumlarının daim diqqət mərkəzində olduğunu qeyd edib. Həmçinin saxta yayılan informasiyalarla bağlı media orqanlarının üzərinə çox böyük iş düşdüyünü diqqətə çatdırıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov dövlət qurumlarına müxtəlif növ hücumların olduğunu bildirib. O, həmçinin informasiya təhlükəsizliyinin təmin olunmasını vacib amil hesab edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev ölkədə rəqəmsallaşmanın artmasının Azərbaycanı regionda lider dövlətinə çevirdiyi vurğulayıb. E.Şahverdiyev kibertəhdidlərin gündən-günə artdığını vurğulayaraq bununla bağlı maarifləndirmə tədbirlərinin vacib olduğunu diqqətə çatdırıb.
Panel sessiyası sual-cavab formatında davam etdirilib.
XQ