Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Aİ arasında əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti, inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, iqlim dəyişmələri ilə mübarizə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
Bununla yanaşı, görüş zamanı tərəflər Azərbaycan ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək tədbirlərin, o cümlədən yüksəksəviyyəli səfərlərin və qarşılıqlı faydalı təşəbbüslər barədə fikir mübadiləsi aparıb, həmçinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların mövcud reallıqlar nəzərə alınmaqla, davam etdirilməsinin önəmini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın hər zaman Aİ ölkələri ilə bir-birinin legitim maraqlarının, prioritet məsələlərinin və mövcud reallıqların nəzərə alındığı və hörmət bəslənildiyi bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirib.
Nazir Ceyhun Bayramov həmkarına postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.
Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulanaraq, ölkəmizin COP29 sədrliyi çərçivəsində xüsusilə maliyyə hədəflərinin artırılması daxil olmaqla, iqlim dəyişmələri ilə mübarizə sahəsində dönüş yarada biləcək tarixi razılıqların, eləcə də yaşıl enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonda mətbuat konfransı keçirilib, tərəflər bəyanatla çıxış ediblər.
XQ