Dünən Azərbaycan sərmayələrinin dəstəyi ilə Dövlət Neft Şirkətinin həyata keçirdiyi “Nur” layihəsinin – Albaniyanın Korça şəhərinin qazlaşdırılmasının ictimai təqdimatı olub.
Mərasimdə Albaniyanın Baş naziri Edi Rama bildirib: “Bu təşəbbüsün həyata keçirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi misilsizdir. O, Albaniyanın və alban xalqının ən böyük dostudur. Azərbaycan ilə dostluğumuzun göstəricisi olan bu layihənin 2026-cı ilin sonunadək reallaşmasını və Korça əhalisinin qazla təmin olunmasını gözləyirik”.
Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Korça şəhərində qazlaşdırma layihəsini Azərbaycanın investisiyaları hesabına ARDNŞ həyata keçirəcək. Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə strateji və rəmzi əhəmiyyət daşıyır.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, “Albgaz” və ARDNŞ şirkətləri arasında Korça şəhərində qaz infrastrukturunun inkişafına yönəlmiş əməkdaşlıq memorandumu imzalanıb.
XQ